• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 941
— 03.07.2024 18:53

Prezident İlham Əliyev Astanada səfərdədir

KepezTV Player

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak üçün Astanaya səfər edib.

Prezident İlham Əliyevin Astanada Rusiya Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Görüşdə dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi haqqında məlumat verib. Rusiya Prezidenti sülh gündəliyinin irəli aparılmasına daim dəstək verməyə hazır olduğunu bildirib. Nəqliyyat, gəmiqayırma, əczaçılıq, avtomobil sənayesi sahələrində əməkdaşlıq, Rusiyanın avtomobil istehsal edən müxtəlif şirkətləri tərəfindən Azərbaycanda istehsalın təşkili məsələlərinə də toxunulub. Rusiyadan Azərbaycana gələn turistlərin sayında artım və Azərbaycanda Rus Dram Teatrının fəaliyyət göstərdiyi qeyd edilib.

Vladimir Putin- Rusiya Federasiyasının Prezidenti: “Qarşılıqlı fəaliyyətimizin miqyası böyükdür, mənə elə gəlir ki, hətta hər gün, hər ay görüşsək, danışmaq üçün mövzularımız var. Diqqətinizi ona cəlb etmək istəyirəm ki, əsas məsələ - məhz qarşılıqlı iqtisadi-ticari fəaliyyət üzrə əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir. Dövriyyə dörd milyarddan çoxdur, məncə, 4,5 milyarddır və bu, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa sərmayəsidir. Tendensiya yaxşıdır, məncə, ilin birinci yarısında artıq 13 faizlik artım var. Ümumiyyətlə, hər şey müsbət inkişaf edir. İnfrastruktur sahəsindəki planlarımızı qeyd etmək istərdim və təbii ki, burada indi birinci yerdə məlum Şimal-Cənub magistralıdır. Digər istiqamətlərdə, o cümlədən enerji və sənaye sahələrində əməkdaşlıq imkanları var. Azərbaycanda Rusiya Mədəniyyəti Günləri yenicə başa çatıb. Azərbaycanda rus dilində 300-dən çox məktəb fəaliyyət göstərir, gənclərə və uşaqlara rus dili öyrədilir. Bu, gələcəkdə də əlaqələrimizin qorunub saxlanılması və inkişafı üçün yaxşı zəmin və perspektivlər yaradır”.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Böyük uğurla həll edilən çoxlu məsələlər var. Əlbəttə, həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir. Sevindirici haldır ki, həmçinin milli valyutalarda qarşılıqlı hesablaşmalar artır. Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır. Keçən dəfə Moskvada “Şimal-Cənub” layihəsini müzakirə etdik. O vaxtdan bəri müsbət irəliləyişlər baş verdi. Biz Azərbaycan ərazisində dəhlizin infrastrukturunu genişləndirmək əzmindəyik, fiziki cəhətdən mövcud olsa da, o, tərəfdaşlarımızın və qonşularımızın bu layihədən maksimum istifadə ilə bağlı niyyətlərinə uyğun gəlmir. Energetika sahəsində yeni ideyalar var, bizim müvafiq strukturlarımız daimi təmasdadır. 2022-ci ildə biz uğurla həyata keçirilən Müttəfiqlik Bəyannaməsini imzaladıq və Bəyannamənin bütün bəndləri real həyatda öz əksini tapır. Artıq iki ildən artıqdır ki, müttəfiqlər kimi birgə işləyirik və yaxşı nəticələrə nail oluruq”.

Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə də görüşü keçirilib. Dövlətimizin başçısı Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində birgə addımların və səylərin davam etdirildiyini vurğulayıb, görüşün yaxın günlərdə Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında davam edəcəyini bildirib. Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə Azərbaycan ilə Ermənistan arasında prosesə verdiyi dəstəyə, azad edilmiş ərazilərimizin bərpasına kömək göstərilməsi təşəbbüsünə görə minnətdarlığını bildirib. Kasım-Jomart Tokayev də Qazaxıstan ərazisində Ermənistanla danışıqlar üçün platforma təqdim etmək təklifinə Azərbaycanın razılığı üçün təşəkkürünü bildirib. Qazaxıstan Mədəniyyət Günlərinin ölkəmizdə uğurla keçirildiyi, Azərbaycan Mədəniyyət Günlərinin isə bu ilin sentyabrında Qazaxıstanda reallaşacağı vurğulanıb. 

Astanada imzalanmış “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi”nin Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə mübadiləsi mərasimi olub. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü də keçirilib. 

Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir. Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində bu gün qəbul olunan “Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir. O da vurğulanır ki, Azərbaycan tərəfi də “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, Tayvanın Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir. “Birgə Bəyannamə”də Azərbaycanın Çinlə investisiya əməkdaşlığı üzrə işçi qrupu yaradacağı vurğulanıb. Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını, eləcə də ölkəmizin Çin vətəndaşlarına bir il müddətinə vizasız rejim tətbiq edilməsi barədə qərarını alqışlayıb.

Bu gün Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş də keçirilib.

Vüsalə Cənnətova