• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 745
— 03.07.2024 10:33

Robot kapsulun insanlar üzərində klinik testləri aparılır

Endiatx adlı şirkət dərman kapsulu formasında olan PillBot adlı robotun insanlar üzərində klinik testlərinə start verib. Dərman kapsulu formasında və ölçüsündə olan bu robot həkimə pasientin mədə-bağırsaq traktını distant şəkildə yoxlamasına imkan verəcək. Bununla belə pasientin həkim yanına getməsinə ehtiyac qalmayacaq və bütün proses pasientin evdə olduğu zaman baş tutacaq. PillBot pasientin udma vasitəsilə mədəsinə daxil olandan sonra virtual endoskop (optik cihaz növü) rolunda çıxış edəcək. Bunun sayəsində həkim pasientin xəstəxanaya müraciət etməsinə ehtiyac duymadan, sadəcə telefon üzərindən videozəng vasitəsilə onun mədə-bağırsaq traktının yoxlanışını apara biləcək.  Endiatx şirkəti gələcəkdə PillBot-un funksionallığını genişləndirməyi planlaşdırır. Belə ki, dərman kapsulu formasında olan bu robota qanaxmanın dayandırılması, orqanizmdəki mikrobiom nümunələrinin və biopsiya nümunələrinin yığılması imkanları əlavə edilə bilər. Maraqlısı ondadır ki, bu innovasiyalı məhsulun hazırlanmasına dair olan yol xəritəsi özündə kiçik ölçülü cərrah robotların hazırlanması ehtimalını da birləşdirir. PillBot texnologiyasının əsas üstünlüyü istənilən yerdə sürətli diaqnostikanın aparılmasıdır. Heç şübhəsiz PillBot-un insanlar üzərində klinik testləri distant şəkildə diaqnostika və müalicə həllərinin yaradılması yolunda ilk addımdır.