Göz insanın ən vacib orqanlarından biridir. Buna görə mövzu gözlər olduqda ona həssas yanaşmaq lazımdır. Ölkəmizdə günəşli havalar başladığı üçün gün eynəklərinə də tələbat artıb. İnsanların əksəriyyəti gözlərini günəş şüalarından qorumaq üçün artıq gün eynəklərindən istifadə etməyə başlayıblar. Bəs alarkən nəyə diqqət etmək lazımdır ki, gün eynəkləri bizi Günəş işığına həsrət qoymasın?
Azərbaycana Çin, Dubay, Hindistan, Türkiyə və İrandan gətirilən gün eynəklərinin səksən faizi standartlara cavab verməyən plastik şüşəlidir. Günəş eynəkləri əmtəə bazarına daxil olmadan öncə sertifikatlaşmalı və yoxlanılmalıdır. Amma bu istiqamətdə kifayət qədər iş görülmür. Bunun, şəhər ərazisində fəaliyyət göstərən mağazalarda çəkiliş zamanı da şahidi olduq. Məhsulların əksəriyyətinin hansı ölkədən gəldiyi belə bəlli deyildi. Qiymətləri isə 5 manatdan başlayır.
Xəyal Qasımov- satıcı: “Eynəklərimiz hələ ki, endirimdədir. Kişi eynəklərimiz 10 manatdan başlayır, 12, 16, 18 manat arası dəyişir.
- Bunları hardan gətirirsiniz?
Bakıdan – “Sədərək”dən, “Binə”dən. Sertifikart xeyr, bizdə elə mallar olmur. Onların qiyməti fərqli olur deyə, biz elə bahalı mallar gətirmirik. Qiymət baxımından da hər kəs gəlib, ucuz eynəklərə baxır”.
Azər Ələsgərov- satıcı: “5 manatdan başlayır, 50 manata kimi dəyişir. Çin mallarının əksəriyyəti ucuz modellər olur. Amma Türkiyə, Polşadan bir az bahalı modellər gəlir. Bahalıların əksəriyyətinin sertifikatı olur. Amma digərlərinin yoxdur. Qiyməti ucuz olduğuna görə”.
Gün eynəyi gözü ultrabənövşəyi şüalardan qorumaq üçün istifadə edilir. Buna görə, Günəş eynəyini gözləri qoruyan qalxan da adlandıra bilərik. Amma eynəkdə şüalardan qoruyan filtr yoxdursa vəziyyət bir qədər dəyişir. Gözün daxili strukturları günəşin şüalarına məruz qalır, nəticədə insanlarda göz patologiyası artır, yaxud yenisi yaranır.
Gültəkin Əsgərova- oftalmoloq: “Satışda düzgün hazırlanmayan eynəklər var. Ucuz qiymətədir və onları günün qarşısında düzüblər. Günün təsirindən orada öz keyfiyyətini də itirir. Hazırlanma materialı da, yeri də məlum deyil. Biz elə eynəkləri alıb taxmaqla, əksinə gözümüzə ziyan verə bilərik. Gözdə allergik reaksiyalar ola bilər. Gözdə ləkələr əmələ gələ bilər, başqa xəstəliklər yarana bilər. Ona görə diqqətli olub, alanda keyfiyyətli eynək almaq lazımdır”.
Həkimlər, gün eynəklərini yanlız optik eynəklər satılan mağazalardan almağı tövsiyə edirlər. Çünki həmin yerlərdə eynəyin şüşəsini yoxlamaq üçün xüsusi testlər var.
Arzu Zeynalova- optika əməkdaşı: “Optik eynəklərdə polaroid özəllikləri var ki, şüaları gözə keçirmir. Məsələn, əməliyyat olan xəstələrimiz var ki, onlar əlbəttə ki, çöldə satılan 5-10 manatlıq eynəkləri taxasalar, onların gözündə sulanma, ayışma olacaq. Amma qoruyucu eynəklərdən istifadə etsələr, gözlərdə heç bir problem olmaz”.
Mövzunu araşdırarkən şəhər sakinlərinin fikrini də unutmadıq. Məlum oldu ki, həmsöhbət oluqlarımızın əksəriyyəti gözlərinin sağlamlığını riskə atan eynəklərdən məlumatsızdırlar.
Odur ki, diqqətli olmalıyıq. Dəbli görünmək və guya Günəş şüalarından qorunmaq üçün aldığımız ucuz gün eynəkləri bizi qiyməti biçimə gəlməyən sağlığımızdan edə bilər. Unutmayaq, ən dəbli görüntü, sağlam görüntüdür.
Aişə Rzayeva
- Baxış: 432