Bazarlara qarpız çıxarılıb. Adətən iyulun ortalarında və avqustda yeməyə alışdığımız qarpızın indidən satışa çıxarılması onun təhlükəli ola bilməsi ilə bağlı tərəddüdlər yaradır. Bu narahatlığın nə qədər reallığa uyğunluğunu araşdırmışıq.
Hələ tam mövsümü gəlməsə də, şəhərin bir çox yerində və əsasən bazarlarda qarpız satışı başlayıb. Qiymətin baha olmasına baxmayaraq, elə indidən qarpız alanlar az deyil. Satışa çıxarılan qarpızlar əsasən Sabirabad və Samuxda toplanılan məhsullardır. Bostan sahibləri builki məhsuldarlığın ürəkaçan dərəcədə olmasa da, qiymətin də ucuzlaşacağını təxmin edir.
Feruz Əliyev- təsərrüfat sahibi: “Bostanımız göz qabağındandır, məhsulumuz var. Çox olmasa da, bizi qane edir. 1,5 hektar burdadır, 50 sot da körpə qarpızlarımız var. 2 hektar ərazidir, onun yarısı yetişib. İndi düzdür, camaatımız qorxur, yəni ona gübrəmi verirlər, ya əlavə dərmanmı? Xeyr, biz ona aqrotexniki qaydada qulluq edirik. Yəni ona çox gübrə vermək də məhsula ziyandır. Burda yığılan məhsula əsasən Şəmkirin Səbət bazarından gəlirlər və Gəncədən alıcılar gəlir”.
Elə bazarlarda kifayət qədər satışı olan qarpız alanların sayı isə elə də çox deyil. Satıcılarla söhbət zamanı məlum oldu ki, qiymətlər məhsulun yeni çıxmasına baxmayaraq normaldır.
Vüqar Həsənov- satıcı: “Sabirabad qarpızıdır. 45 qəpiyə alırıq, 50 qəpiyə maşınla bura gəlir, 60 qəpiyə də satırıq. Alıcı qüvvəsi, çox adam almağa çəkinir. Deyirlər ki, uşağa görə tezdir. Amma tez deyil. Mən 2 gündən bir 1 dənəsini evə aparıram. Yəni dərmansız qarpızdır”.
Leyla Həsənova- satıcı: “Qarpız Sabirabad qarpızıdır, dərmansızdır. İndi misal üçün aşağı qiyməti 60-dır. Biz 10 qəpik qoyuruq. Təzə çıxıb bazara, alıcı qüvvəsi aşağıdır”.
Namiq Sadıqov- satıcı: “Sabirabaddan gətirirəm, özüm yerindən gətitirəm. Hər yerdə 70-80 qəpikdir, mən qoymuşam 50 qəpiyə. Özüm gətirdiyim üçün. Qarpız da dərmansız qarpızdır, şirindir, qırmızıdır. Alan 1 dənə yox, artıq 3-5 dənə alır”.
Alıcıların isə fikirləri fərqlidir. Bir çox insan hələ tam yetişmə dönəmi olmadığına görə zəhərlənmə hallarına qarşı hələ ki, qarpız almaqda tərəddüd edirlər. Yəni alıcılar iyul ayının ortaları, qarpızın bol olduğu günləri gözləyirlər.
Əlövsət Qurbanov- alıcı: “Qarpızı alanda həmişə mən çalışıram ki, tanıdığım adamlardan alım. Yeyəndə zəhərlənmə verməsin. Məlum məsələdir ki, qarpızlara gübrə verilir. Sadəcə qaydasında vermək lazımdır ki, o gübrəni də artıq verəndə zəhərlənmə verir”.
Rasim Babayev- alıcı: “Həmişə qarpız alırıq. İndi evdə körpə uşaq var ona görə bir az ehtiyatla yanaşırıq. Amma bildiyim qədəriylə yaxşı qarpızdır. Əlbəttə ki, gübrəsiz qarpız, çalışırıq ki, gübrəsiz olsun”.
İsmət Tağıyeva- alıcı: “Qarpızın keyfiyyətinə fikir verirəm. İkinci də qarpızın hələ vaxtı deyil. Hardasa iyul ayında olur. Xeyirli bir məhsuldur. Qiyməti də xeyir edir. Satanlar çox əziyyət çəkirlər”.
Dürdanə Alıyeva- alıcı: “Hələ almamışıq. Qarpız almağın da vaxtı var. Yəqin ki, iyul aylarının ortalarında artıq qarpız yeyilər”.
Təbii ki, istənilən meyvə-tərəvəzdən, bostan bitkisindən zəhərlənmə dedikdə, ilk yada düşən onun becərilməsi zamanı istifadə olunan dərmanlar olur. Vaxtından əvvəl satışa çıxarılan qarpızların demək olar ki, hamısı xüsusi qulluq görmüş məhsullardır. Ancaq qədərində istifadə edilən gübrəli məhsulun ziyanı yoxdur.
Hüseyn İdrisov- ADAU-nun dosenti: “Bazar iqtisadiyyatının tələbi budur ki, ilk nübar olaraq məhsulu bazara çıxarıb, baha qiymətə satmaqda maraqlıdırlar. Buna görə də Azərbaycanın qərb bölgəsində becərilən qarpızların hamısı ilk yazda sellofan altında, yəni istixana şəraitində yetişdirilir. Qarpızın böyüməsində, inkişafında gübrəsiz yetişdirmə bu saat qeyri-mümkündür. Əgər qidanın tərkibində nitrat gübrəsi varsa, zəhərlənmə də labüddür”.
Bəziləri mövsümü olmadığına, bəziləri də hələ ki, normal qiymətindən baha olmasına görə qarpız almaqdan çəkinir. Hər ehtimala qarşı qarpız alarkən tanıdığınız satıcılara üstünlük verilməlidir. Xüsusilə onu nəzərə almaq lazımdır ki, qarpızdan zəhərlənmə qida zəhərlənmələri arasında ən çox baş verən və ən təhlükəlilərindən sayılır. Fəsadları isə uzun müddət davam edir. Hələ ki, bu mövsüm Gəncədə qarpızdan zəhərlənmə qeydə alınmayıb.
Pərvin Abbaszadə
- Baxış: 428