• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1357
— 15.06.2024 17:55

Şuşa Bəyannaməsinin imzalanmasından 3 il ötür

KepezTV Player

3 il bundan əvvəl Azərbaycan və Türkiyə arasında imzalanan sənəd hər iki dövlətin ümumi maraqlarının qorunmasına, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin əlaqələndirilməsinə istiqamətləndi. Bəyannamə Türkiyə və Azərbaycan arasında hərbi-siyasi, iqtisadi sahələrdə olan müttəfiqliyi rəsmi şəkildə bəyan etdi...

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəni 3 istiqamətdə - siyasi-diplomatik, milli-mənəvi, hərbi-strateji əlaqələndirən sənəddir. Bəyannamə beynəlxalq hüquqa söykənən və 100 il bundan öncə imzalanan tarixi Qars müqaviləsinə əsaslanır. Bu isə onu göstərir ki, Türkiyə və Azərbaycan münasibətlərini tarixi-hüquqi təməl üzərində müstəqil dövlətlər olaraq qurublar.

Sənəd hər iki ölkə üçün müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər.

Bəyannamədə öz əksini tapan digər bir vacib amil isə iqtisadi sahədə əməkdaşlıqla bağlıdır. Bu tarixi sənəd həm iki ölkə arasında, həm regionda, eləcə də beynəlxalq aləmdə iqtisadi-ticari əlaqələrin sürətlə inkişafına təkan verəcək. Belə ki, Bəyannamədə xüsusi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacaq və bu dəhliz daha çox iqtisadi əhəmiyyətə malik olacaq. Sazişlə “Cənub Qaz Dəhlizi”nin tərəflər arasında səmərəli inkişafı gerçəkləşəcək.

Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən yaxşı nümunədir. 

Beləliklə, Azərbaycan və Türkiyə 2021-ci il iyunun 15-də tarixi addımla bölgənin geosiyasi mənzərəsini dəyişəcək, həmçinin ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı. Ən əsası, bu sənəd region üçün yeni tarixi gerçəklik oldu...

Vüsalə Cənnətova