• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 27.05.2024 19:47

Azərbaycanda boşanmaların əsas səbəbləri

KepezTV Player

Heç bir cütlük boşanma düşüncəsilə evlənməsə belə, boşanma da evlilik kimi təbii haldır. Bəzən illər, bəzən də evlilikdən qısa müddət sonra əmələ gələn münaqişələr cütlüklər arasında həllini tapa bilməyəcək problemlərə çevrilir. Statistik rəqəmlər də boşanma sayının atdığını təsdiqləyir. Bəs işlər bu həddə necə çatır? Problemlərin təməlində nələr dayanır? Ən çox rast gəlinən boşanma səbəbləri nələrdir?

Ötən il Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 20 mindən çox boşanma halı qeydə alınıb. Cütlüklərin boşanmalarına səbəb müxtəlif amillər olub. Hansı ki, insanların birgə yaşamasında çətinlik yaradıb. Apardığımız sorğu belə deməyə əsas verir.

Şəhər sakini: “Maddiyatla, dolanışıqla bağlıdır. İstədiyini ala bilmir, gətirə bilmir. Baxır, qıraq geyinir, o geyinə bilmir, yeyə bilmir”.

Şəhər sakini: “Elə ailə var ki, imkanı aşıb-daşır, amma dağılır. Qıraqdan təsir göstərən çoxdur. Gərək qız və oğlan tərəfdən kimsə müdaxilə eləməyə. Düşünələr, düşüncə ilə yanaşalar bu işə. Vəssalam”.

Şəhər sakini: “Boşanmaların əsas səbəbini mən kişilərdə görürəm, ailəyə baxa bilmirlər. Həm də indiki iqtisadi vəziyyətlə əlaqələndirirəm. Qızlar da bir də görürsünüz gedib ailə ilə ayaqlaşmır. Bir də görürsünüz oğlanlarda pis vərdişlər olur”.

Şəhər sakini: “İstəsələr dolanmaq olar. Əziyyət çəkmək lazımdır. Heç kim əziyyət çəkmək istəmir”.

Ekspertlər isə sakinlərdən fərqli səbəblər dilə gətirir. Əsas amilin narkomaniya və alkoqolizm olduğunu bildirirlər.

Qərənfil Ramazanova- sosioloq: “Mən hesab edirəm ki, narkomaniyanın bizim cəmiyyətdə geniş vüsət alması. Mən tam geniş deməyi ayıb sayıram. Çünki o da bizim mentalitetimizə yad olan bir şeydir. Amma hər halda bu var. Sonrasında alkoqolizmin də təsiri var. Və əlbəttə madddi çatışmazlıqlar, işsizlik problemləri var. Amma bütün bunların içərisində mən həm də qız övladlarının ailə həyatına yaxşı hazırlanmamasını da ön plana çəkmək istəyirəm”. 

Ailələri qorumaq missiyası daha çox qadınların üzərinə düşür. Əlbəttə, kişilər də öz məsuliyyətini dərk etməlidir. Tərəflərin fədakarlığı isə münasibətləri boşanma dərəcəsinə çatdırılmamalıdır. Bu məsələdə valdeynlərin də roluna xüsusi diqqət çəkilir. 

Qərənfil Ramazanova- sosioloq: “Öz övladına anlatmalıdır ki, ailə həyatı artıq sənin həyatını dəyişir. Sən əvvəlki kimi yaşamamalısan, istirahət etməməlisən. Ailə həyatını qorumaq hər iki tərəfdən fədakarlıq tələb edir. Burada söhbətin bir tərəfin üzərinə qoyulması düzgün olmazdı. Biz bununla uğur əldə edə bilmərik”.

Səbəbin kimdən və ya nədən qaynaqlandığı hər ailədə eyni olmasa da, boşanma hər zaman çıxış yolu deyil. Problemlərin həlli istiqamətində addımların atılması vacibdir.

Aişə Rzayeva