Gəncəli juboksinqçilər respublika turnirindən çox sayda medalla qayıdıblar. Nizami yurdunun yetirmələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan yarışda böyük nəticə qazanıblar.
Yeniyetmələr Bakıda təşkil edilən Juboksinq Citsu Kontakt üzrə turnirdə iştirak ediblər. 15-ə yaxın şəhər və rayondan 300-dən artıq döyüşçünün mübarizə apardığı yarışa 20 idmançı ilə yollanan Gəncə komandası böyük nailiyyət əldə edib. Onlardan 14-ü mükafatçılar sırasına düşə bilib. Sevindici məqam odur ki, medallardan 12-sinin əyarı qızıl olub. Digər iki mükafatın isə biri gümüş, biri bürüncdür.
Ağa Eminov- respublika turnirinin qalibi: “Respublika yarışında 3 rəqibimə qalib gələrək kürsüdə birinci yerə layiq görüldüm. Gələcəkdə respublikamızın bayrağını digər ölkələrdə dalğalandıracağıma söz verirəm”.
Raul Məmmədov- respublika turnirinin qalibi: “Biz bu döyüşlərə ciddi yanaşmışdıq. Bunun üçün də Rafael müəllimin əziyyətini yerdə qoymadıq və mən yarışda birinci yerə layiq görüldüm”.
Emil Ələkbərov- respublika turnirinin qalibi: “Mən ilk dəfə idi ki, respublika yarışına qatıldım. Bu yarış mənə görə çox məsuliyyətli idi. Rəqiblərimi məğlub edərək böyük nəticə göstərdim”.
Cəsur Mustafalı- respublika turnirinin qalibi: “İki növdə döyüşdüm. Bunlar Juboksinq Citsu və Juvrestlinq idi. Çox çətin olsa da, mən qalib gəldim”.
İdmançıların uğuruna ən çox sevinən məşqçidir. Yetirmələrinin qazandığı nailiyyəti dəyərləndirən Rafael Hüseynov onların böyük yarışlarda yaxşı nəticə qazanacaqlarına əmindir.
Rafael Hüseynov- Gəncə komandasının baş məşqçisi: “İdmançılar gözəl nəticə verərək bütün tapşırıqlarımızın öhdəsindən gəldilər və respublika turnirində ən gözəl nəticəni verə bildilər. İnanıram ki, bu gündən etibarən uşaqlar daha da əzmlə məşq edərək qarşıdan gələn beynəlxalq turnirlərdə iştirak edərək orada öz sözlərini deyəcəklər. İnanıram ki, bu idmançılar gələcəkdə Gəncəmizin adını böyük titullu yarışlarda doğruldacaqlar. Əminəm ki, bu uşaqlar mütləq sizlərin qarşısında da özlərini doğrultduqları haqda məlumat verəcəklər”.
Respublika turnirində yer tutan gəncəli idmançılar beynəlxalq spartakiadaya hazırlaşılar. Gələn ayın sonuna təsadüf edəcək yarış Rusiyada təşkil ediləcək.
Orxan Cəfərzadə
- Baxış: 420