• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 668
— 18.05.2024 19:29

Nizami yurdunun parataekvondoçusu Avropa çempionu olub

KepezTV Player

Gəncə idmanı adına daha bir uğur əldə olunub. Bu dəfə parataekvondo üzrə Avropa çempionatında Nizami yurdunun yetirməsi İmaməməddin Xəlilov fərqlənməyi bacarıb.

Paralimpiyaçı İmaməddin Xəlilov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında hamıdan güclü olub. 70 kq çəkidə döyüşən idmançı finala qədər ABŞ və Gürcüstan təmsilçilərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə isə türkiyəli rəqibinə qalib gələn parataekvondoçu növbəti dəfə Avropa çempionluğu sevincini yaşayıb.

İmaməddin Xəlilov- Avropa çempionu: “Bundan qabaq Hollandiyada keçirilən yarışda çempion olmuşdum. İndi isə Serbiyada qalib oldum. Bu mənim ardıcıl ikinci Avropa çempionluğumdur. Təbii ki, bu çox böyük fəxrdir, sevincdir, qürurdur. Avropa çempionatı nisbətən çətin keçdi. Gürcü və türk rəqibimlə görüşlərim ağır keçdi. Amma Allaha şükür ki, çempion oldum”.

İlin əvvəlində Paris 2024 paralimpiya oyunlarına vəsiqəni təmin edən gəncəli idmançı hazırda Vyetnamdadır və mötəbər yarışa hazırlıqlarını həm davam etdirir, həm də paralimpiyadayadək bir sıra turnirlərdə iştirak edəcək. İmaməddinin ən böyük hədəfi Parisdə çempion olmaqdır.

İmaməddin Xəlilov- Avropa çempionu: “Bilirsiniz ki, mən artıq paralimpiyadaya lisenziya qazanmışam. Bu Avropa çempionluğu mənə paralimpiyadada yaxşı iştirak etmək üçün əlavə motivasiya verdi. Özümdə əlavə stimul yaratdı ki, mən paralimpiya oyunlarında daha özgüvənli çıxış edəcəm. Mən oyunlara 1 qat dünya, 2 qat Avropa çempionu kimi gedirəm. Bu da məndə bir stimul yaradır ki, orada niyə də qızıl götürməyim? Ən böyük hədəfim də ölkəmizə, vətənimizə, Gəncəmizə paralimpiyada medalı ilə dönməkdir”.

İmaməddin Xəlilov sabah Vyetnamda start götürəcək açıq asiya çempionatında, iyun ayında isə Koreyada təşkil ediləcək həmrəylik yarışında qüvvəsini sınayacaq.

Orxan Cəfərzadə