• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 16.05.2024 20:10

"Kəpəz"in futbolçusu millinin heyətində toplanışda olub

KepezTV Player

“Kəpəz”in amputant komandasının üzvü yığmanın tərkibində Türkiyədə təlim-məşq toplanışında iştirak edib. Hüseyn Hüseynov qardaş ölkədə milli ilə birgə gələn ay Fransada keçiriləcək Avropa çempionatına hazırlaşıb.

Ankara şəhərində təşkil edilən hazırlığa seçməmiz 22 nəfərlik heyətlə yollanıb. 2 həftəyə yaxın davam edən toplanışda yığmamızın düşərgəsində “Kəpəz”in sağ cinah müdafiəçisi Hüseyn Hüseynov da yer alıb. 

Hüseyn Hüseynov- amputantlardan ibarət milli komandanın üzvü: “Düzdür, oradakı təlim-məşq toplanışımız çox ağır oldu. Amma Azərbaycanı təmsil etmək adına bütün çətinliklər bizim üçün xoşdur. Məşqlərimiz həqiqətən çox gözəl keçdi. Özümüzün də çox xoşumuza gəldi. Bizə orada qardaş qayğısını hiss etdirdilər. Bizim üçün inanıram ki, xeyri olacaq məşqlər olub. Hər şey - yanaşma tərzi peşəkar şəkildə idi. Necə ki, sərhəddə düşmən qarşısında Azərbaycanı təmsil etmişik, dövlətimizi qorumuşuq, inşallah yaşıl meydanlarda da Azərbaycanı yetərincə təmsil edərik”.

Milli komandamızın türkiyəli həmkarları ilə keçirilən 4 yoxlama oyununun hamısında Hüseyn də meydanda olub. O, yoxlama görüşündə fərqlənməyi də bacarıb. Həm də gənc futbolçunun qolu özünəməxsusluğu ilə seçilib və böyük maraq toplayıb.

Hüseyn Hüseynov- amputantlardan ibarət milli komandanın üzvü: “Komanda yoldaşlarım, dostlar, yaxın ailə üzvlərim hər kəs təbrik etdi. Mənim üçün sevindirici oldu. O hərəkət də illərimizin bəhrəsidir. Bir şeyi bir dəfə eləməklə alınmaz. İllərlə bir şeyin üstə çalışmalısan ki, onu mükəmməl şəkildə bacarasan. Hər dəfə məşqlərdə yavaş-yavaş eləməyə çalışırdıq. Yoxlama oyununda da bir dəfə reallaşdırdıq. İnşallah, qarşıdakı oyunlarda ondan da yaxşı qollar vurarıq”.

“Kəpəz”in amputant komandasının baş məşqçisi İlham Səmədov da Hüseynin toplanışa qatılmasına və vurduğu qola münasibət bildirib. Çalışdırıcı yetirməsinin qitə yarışında da yaxşı çıxış edəcəyinə ümidvardır.

İlham Səmədov- "Kəpəz”in amputant komandasının baş məşqçisi: “Hüseynin digər amputant futbolçularımızdan fərqi ondadır ki, o, amputasiya olmamışdan öncə də idmanla məşğul olub. Tələbkar, öz üzərində işləyən futbolçudur. Milliyə bundan öncə bir dəfə çağırılıb, indi də Türkiyədə təlim-məşq toplanışında yaxşı hazırlaşıb, orada yaxşı qol da vurub. İnşallah, Avropa çempionatında Gəncəmizi, “Kəpəz” futbol klubunu yaxşı tərəfdən təmsil edəcək. Biz Hüseynə çox inanırıq”.

Amputantlardan ibarət milli komandamız yaxın günlərdə Qubada Türkiyə yığması ilə birlikdə növbəti dəfə toplanışda olacaq. Daha sonra seçmə komandamız Fransadakı Avropa çempionatına yollanacaq. Yığma yarışda Türkiyə, İrlandiya və İsraillə eyni qrupda mübarizə aparacaq.

Orxan Cəfərzadə