• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 995
— 14.05.2024 19:38

Bakı-İrəvan danışıqlarının gedişatı müzakirədə

KepezTV Player

Delimitasiya olunan dövlət sərhədinin cəmi 10 kilometrdən bir qədər artıq təşkil etməsinə baxmayaraq, 4 Azərbaycan kəndinin işğalına son qoyulması ilə nəticələnmiş danışıqlar prosesini tarixi hesab etmək olar. Mayın 10-11 tarixlərində Almatıda keçirilən görüşün nəticələrini şərh edən xarici işlər naziri Ceyhun Bayramov belə deyib. Onun sözlərinə görə, 2 gün davam edən danışıqlar müsbət qiymətləndirilir. Ermənistanla Azərbaycan arasında sülh sazişinin ilk növbədə ədalət prinsipinə söykənməli olduğu da vurğulanıb. 

Ceyhun Bayramov- xarici işlər naziri: “Bizim gözləntilərimiz də uyğun olmalıdır, realist olmalıdır, bu, olduqca mürəkkəb, önəmli bir prosesdir. Biz bunun tarixini bilirik, burda həssaslığı bilirik, eyni zamanda Azərbaycan tərəfi üçün ən önəmli məqam ondan ibarətdir ki, bu, ədalətli, beynəlxalq hüquqa əsaslanan və gələcəkdə hər hansı bir açıq məqamları, şübhələri yenidən, hansısa məsələləri müəyyən dövrdən sonra masa üzərinə gətirmək imkanlarını tam istisna edən bir saziş olmalıdır”.

Ceyhun Bayramov onu da vurğulayıb ki, Azərbaycanın prinsipləri hər zaman ATƏT-in təməl prinsiplərinə, eyni zamanda dövlətlərin çoxtərəfliliyə hörmət edilməsi qaydalarına riayət edilməsi olub. Lakin 30 il ərzində keçmiş Qarabağ münaqişəsinin həllinə yönəlmiş və xüsusi olaraq bu məqsədlə yaradılmış təsisatlar, o cümlədən MİNSK qrupu heç bir əməli nəticələr əldə etməyib. Belə olan təqdirdə yeni reallıqlar fonunda funksional qabiliyyətini itirmiş bu kimi təsisatların saxlanılmasında ehtiyac yoxdur.

Ceyhun Bayramov- xarici işlər naziri: “Burada Azərbaycan-ATƏT əməkdaşlıq proqramı mövcuddur və bu proqramın icrası çərçivəsində Azərbaycanın ehtiyaclarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə minaların, partlamamış sursatların təmizlənməsi istiqamətində fəaliyyətini həyata keçirməsi, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün və orda bu işin təşkili məqsədi ilə kadr potensialının gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq kimi sahələrdə yeni layihələrin həyata keçirilməsi potensialı böyükdür və təbii ki, Azərbaycan, bunu arzu edir”.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borq öz növbəsində bildirdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanması rəhbərlik etdiyi təşkilat üçün prioritetdir. 

İan Borq- ATƏT-in sədri: “Azərbaycanın üzləşdiyi məsələləri Ceyhun Bayramovla müzakirə etdik. Sərhədlərin delimitasiyasının başlanması müsbət haldır. Sülhün alternativi yoxdur. ATƏT-in sədri kimi Azərbaycanla Ermənistan arasındakı bütün praqmatik məsələləri dəstəkləyəcəyik. Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyirik”.

Mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədrinə Qərbi Azərbaycan İcmasının məktubu təqdim olunub. Qeyd edilib ki, 1987-1991-ci illərdəki son deportasiya dalğasında 300 mindən çox azərbaycanlı Ermənistan ərazisindən qovulub. Ermənistanın Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına məhəl qoymadığı qeyd edilib. ATƏT-in sədri cavabında ümumi şəkildə Azərbaycan və Ermənistana sülh arzuladığını bildirib.

Vüsalə Cənnətova