• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 06.04.2024 18:58

Boksçular beynəlxalq yarışdan 4 medalla qayıdıblar

KepezTV Player

Gəncəli boksçular beynəlxalq turnirdə fərqləniblər. Yeniyetmə dəri əlcək ustaları Rusiyada təşkil edilən yarışdan doğma şəhərə 4 medalla qayıdıblar.

Rusiyanın Həştərxan şəhərində keçirilən beynəlxalq turnir İkinci dünya müharibəsində qazanılan qələbənin 79-cu ildönümünə həsr olunub. Yarışa Gəncə komandası 5 boksçu ilə yollanıb. Onlardan 4-ü mükafatçılar sırasına düşə bilib. 46 kq-da Əli Nəriman və 52 kq çəkidə Amin Həsənzadə yalnız finalda məğlub olaraq gümüş medalla kifayətləniblər. 46 kq çəki dərəcəsində digər Nizami yurdunun yetirməsi Əli Yusiflə 54 kq-da Sərxan Haqverdiyev isə qonşu ölkədə bütün rəqiblərindən güclü olaraq çempion adına layiq görülüblər.

Sərxan Haqverdiyev- beynəlxalq yarışın qalibi: “Yarış mənim üçün yaxşı oldu. Rəqiblərim güclü idi. Amma mən texnikalı olduğum üçün ikisini də rahatlıqla məğlub edə bildim. İki döyüş keçirdim və birinci oldum. Turnirdə yaxşı döyüşdüyüm üçün əzmkar döyüşçü mükafatına da layiq görüldüm”.

Əli Yusif- beynəlxalq yarışın qalibi: “Mən əvvəl beynəlxalq yarışda iştirak etmişdim. Təcrübəm varıydı. Bu yarışda həmin təcrübəm olduğuna görə rəqiblərim mənim üçün asan idi. Mən burada birinci yerə çıxdım. Bu uğurumu davam etdirmək istəyirəm”.

Yeniyetmələrin çıxışları haqda danışan şəhərin boks bölməsinin baş məşqçisi Məhəmməd Əliyev nəticəni yüksək qiymətləndirib. Çalışdırıcı eyni zamanda səhvlər üzərinə işləyərək daha böyük uğurlar qazanmaq istədiklərini deyib.

Məhəmməd Əliyev- Gəncə boks bölməsinin baş məşqçisi: “Yetirmələrimizin beynəlxalq yarışda iki qızıl, iki gümüş medal qazanması yüksək nəticədir. İkinci yerlərimizi də qızıl gözləyirdik. Amma gümüş də qızıla bərabərdir. Biz bu nailiyyətlərlə kifayətlənməyəcəyik. Bundan da yaxşı nəticələr əldə etmək üçün yetirmələrimizin səhvləri üzərində çalışıb, bundan yaxşı uğurlar qazanacağıq”.

Beynəlxalq yarışda təcrübələrini daha da artıran idmançılar aprelin sonunda Gəncədə təşkil ediləcək zona yarışında da uğurlu çıxış etməklə respublika yarışına yollanmağı hədəfləyiblər. Cavadxan yurdunun boksçuları Bakıda keçiriləcək Azərbaycan birinciliyində isə qalib olacaqları təqdirdə yayda İtaliyada baş tutacaq Avropa çempionatındakı heyətdə yer alacaqlar.

Orxan Cəfərzadə