• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1843
— 31.03.2024 19:20

Toğrul Əsgərov: "Gəncənin müxtəlif idman növlərində təmsil olunması çox sevindiricidir"

KepezTV Player

Olimpiya çempionu Toğrul Əsgərov güləşlə yanaşı futbola olan marağı ilə diqqət çəkib. “Kəpəz”in sadiq azarkeşi olan idmançı hər zaman komandaya rəğbətini dilə gətirib, sarı-göylərin uğurlarına sevinənlərdən olub. Hazırda güləş məşqçisi kimi fəaliyyətini davam etdirən Toğrul Göygöldə toplanışda olarkən əməkdaşlarımızın Gəncə kollektivi haqda suallarını da cavablandırıb.

Nizami yurdunun ən tanınmış güləşçilərindən olan Toğrul Əsgərov vaxt tapdıqca “Kəpəz”-in oyunlarını tribunadan izləyərək, gəncəlilərə azarkeş kimi dəstək olur. Söhbət zamanı dağlıların köklü klub olduğunu deyən idmançı, komandanın əvvəlki əzəmətinə qayıtmasını arzuladığına diqqət çəkib. Olimpiya çempionu klubun avrokuboklarda mübarizə aparmasını istəyir.

Toğrul Əsgərov- məşqçi: “Mən istəyərdim ki, “Qarabağ” kimi Avroliqada, yəni böyük çempionatlarda Gəncə də olsun, o da təmsil etsin. İnşallah, mütəxəssislər bu yolda gələcək üçün öz addımlarını atırlar. Bilirsiniz ki, yeni baza tikilir, yeni məktəb yaranır. Bu, komandanın inkişaf edəcəyini göstərir. Gəncənin həmişə futbol məktəbi olub. Ona görə də bu bazanın yaradılmasının çox faydası olacaq”.

Güləşçi yeni tikilən stadiondan da danışıb. Toğrul Əsgərov müasir arena inşa edildikdən sonra daha böyük azarkeş kütləsinin komandaya dəstək olacağını ifadə edib.

Toğrul Əsgərov- məşqçi: “Yeni stadion da tikilir. Bu, oyunçuları bura cəlb edəcəkdir. Həm də ki, Gəncə kimi azarkeşi olan futbol komandası çox azdır. Bu, böyük bir dəstəkdir. Futbol azarkeşi olmaq 1:0 öndə başlamaq deməkdir. İnanıram ki, yeni tikilən stadionda Gəncənin azarkeşləri daha da artacaq. Daha da çox azarkeşlər həm ölkədaxili, həm də ölkə xarici özlərini göstərəcəklər. Biz də sevinib, hərzamankı kimi azarkeşlik edəcəyik”.

Güləşçi Gəncənin basketbol və voleybol komandalarının fəaliyyətinə də münasibət bildirib. O, regionlarda müxtəlif idman növlərinin fəaliyyət göstərməsinin ölkədə güclü rəqabət yaradacağını söyləyib.

Toğrul Əsgərov- məşqçi: “Futbolla yanaşı, artıq Gəncənin basketbol komandası da ötən ildən özünü göstərməyə başladı. Həqiqətən çox sevindirici haldır. Bu ildən də voleybol komandasını gördük. Bu, ölkədə idmana cənab prezident tərəfindən göstərilən qayğının nəticəsidir. Artıq bütün idman növləri Bakıda yox, şəhər və rayonlarımızda da inkişaf edir. Buna görə güclü rəqabət, maraq yaranır. İdmançılar zərərli maddalərdən, vərdişlərdən uzaqlaşır. Hamı idman zallarında olur, yarışlara azarkeşlik edirlər. Bunun özü böyük bir şeydir”.

Toğrul Əsgərov ötən ildən güləş məşqçisi kimi çalışmağa başlayıb. Titullu pəhlivan güləş üzrə qadınlardan ibarət milli komandanın böyük məşqçisidir.

Orxan Cəfərzadə