• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1855
— 30.03.2024 19:57

Güləşçilərdən 7 fərqli medal

KepezTV Player

Gəncəli sərbəst güləşçilər 15 yaşadək güləşçilər arasında Azərbaycan birinciliyində uğurlu nəticə qazanıblar. Cavadxan yurdunun komandası ölkə birinciliydə regionlar arasında ən çox medal qazanan kollektiv olub.

Bakıda keçirilən yarışda Nizami yurdunun 40-a yaxın yetirməsi iştirak edib. Onların 7-si müxtəlif əyarlı medallara sahib çıxıblar. Mükafatlardan 4-ü qızıl, 1-i gümüş, 2-si bürünc olub. Azərbaycan çempionatında 48 kq-da Binyamin Şükürov və 62 kq-da Tunar Quluyev 3-cü, 44 kq çəkidə Əliağa Süleymanov 2-ci yerə çıxıb. 38 kq-da Musa Tağıyev, 41-də İbrahim Həsənov, 52 kq çəkidə Ramal Məmmədoğlu və 57 kq-da Həsən Həsənov bütün rəqiblərini üstələyərək qızıl medalı boynundan asdırıb.

Həsən Həsənov- ölkə birinciliyinin qalibi: “Bu yarışa hazırlaşdıq və əziyyətimiz yerdə qalmadı. Bilirdik ki, bu çempionatın önəmi böyükdür. Finala qədər rahat irəliləyərək həlledici görüşdə də rahat qələbə qazandım. 2 dəfə Avropa çempionatında güləşmişəm. 1 dəfə 2-yə, 1 dəfə də 3-cü yerə çıxmışam. Bu il məqsədim odur ki, Avropa çempionatında vətənimizə qızıl medal gətirim”.

Musa Tağıyev- ölkə birinciliyinin qalibi: “Yarışda 6 rəqibim oldu. Mən hamısına qalib gələrək çempion oldum. Əziyyət çəkdik və şükür ki, qazandıq. Qarşıda beynəlxalq turnirlərimiz var. Bundan sonra da uğurlarımızı davam etdirməyi fikirləşirəm”.

Güləşçilərin mükafatçılar sırasına düşməsi təbii ki, ən çox məşqçiləri sevindirir. Yeniyetmələrin uğurları haqda danışan məşqçi Rauf Xəlilov gələcəkdə bundan da böyük nailiyyətlər əldə etmək üçün çalışacaqlarını ifadə edib.

Rauf Xəlilov- Əməkdar məşqçi: “Həm mənim, həm də məşqçi yoldaşlarımın yetirmələrinin bu cür yaxşı çıxışları bizim üçün sevindiricidir. Biz sevinirik ki, Gəncədə belə güclü uşaqlar yetişir. Əziyyət çəkirik, onlar da yarışlarda qalib olanda biz də sevinirik. Bu günə kimi Gəncədə yeniyetmə uşaqların belə irəliləyişi olmamışdı. Fəaliyyətimizi daha da artıracağıq ki, bundan da artıq medallarla dünya, Avropa çempionatından qayıdaq. İnşallah, əziyyət çəkəcəyik ki, belə uşaqlar yetişsin”.

Azərbaycan çempionatında qalib olan güləşçilər Avropa çempionatında iştirak hüququ qazanıblar. Gəncədən də 4 güləşçi qitə yarışına yollanacaq. Sözügedən çempionat may ayında Yunanıstanda keçiriləcək.

Orxan Cəfərzadə