Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü dövrəyə start veriləcək. Çempionatın əvvəlində qeyri-stabil oyun nümayiş etdirən “Kəpəz” 3-cü dövrənin sonlarında turnir cədvəlindəki yerini, əgər belə demək olarsa, bir qədər yaxşılaşdırmağa nail olub. Belə ki, çempionatın startından turnir cədvəlinin sonuncu pilləsinə enməmək üçün çalışan Gəncə təmsilçisi hazırda ən yaxın izləyicisini 11 xal qabaqlayır.
Bu həftədən başayaraq “Kəpəz”i qarşıda çətin dönəm gözləyir. Belə ki, 4-cü dövrəyə “Qarabağ”la oyun ilə start verəcək olan “Kəpəz”in qarşıdakı rəqibləri çox güclüdür. Yəni gələn mövsümdə mübarizəni Premyer Liqada davam etdirmək üçün “Kəpəz” bu oyunlarda xal və yaxud xallar qazanmalıdır.”
Adil Şükürovun gəlişi ilə performansını yaxşılaşdırmağa nail olan komanda 4-cü dövrəyə xal əmsalına görə sıralamada sondan ikinci olaraq davam edəcək. Göstəricilərini daha da yaxşılaşdırmaq üçün “Kəpəz” "Qarabağ", "Sabah" və "Neftçi" kimi güclü rəqiblərdən xal almağa çalışacaq. Adil Şükürov geridə qalan 3 dövrənin matçlarına nəzər salarkən komandanın yüksək dinamika nümayiş etdirdiyini bildirib. Baş məşqçinin komandaya başçılıq etdiyi dönəmdən etibarən “Kəpəz”in oyunlarında əldə etdiyi nəticələri komandaya uyğun hesab edib. Şükürov komandanın qısa müddətdə toparlanmağı bacardığını qeyd edib.
Adil Şükürov- "Kəpəz"in baş məşqçisi: “Bizi qarşıda çox gərgin oyunlar gözləyir. 4-cü dövrə ağır olacaq. Bunu hər bir kəs bilir. Əvvəllər də bildirdiyim kimi, bizdən öndə olan komandaların hamısı Avroliqa uğrunda mübarizə aparır. Bizdən sonrakı komanda "Qəbələ" isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Bu, artıq 4-cü dövrənin gərgin keçəcəyindən xəbər verir. Komanda olaraq toparlanmalıyıq. Daha da yaxşı oynamalıyıq. Daha da istəkli olmalıyıq ki, komandanın Premyer Liqada qalmasını təmin edək və “Qəbələ” ilə aramızda olan xal fərqini daha da artıra bilək”.
Baş məşqçi mediada futbolçularla bağlı dolaşan bəzi məlumatları təkzib edib. Adil Şükürovun guya bir sıra futbolçuların performansından narazı qaldığı və bu səbəbdən onlarla yolların ayrılacağı xəbərinə aydınlıq gətirib.
Adil Şükürov- "Kəpəz"in baş məşqçisi: “Futbolçularımıza güvənimiz tamdır və hər biri ilə danışanda bildiririk ki, yəni bu komanda bu gün 3-cü dövrənin oyunlarının nəticəsinə görə Premyer Liqanın 3-cüsüdür. Artıq bu, komandanın potensialından xəbər verir. Komandanın futbolçularının inkişafından xəbər verir ki, yəni biz bu futbolçuların hər birinə güvənirik və hər biri ilə işimizi davam edirik. Axıra qədər də bu futbolçuların yanındayıq. İstəyirik ki, onlar daha da inkişaf etsinlər və “Kəpəz"ə öz töhfələrini versinlər”.
Gəncə komandasının növbəti dövrədəki ilk rəqibi “Qarabağ” olacaq. Oyunçular qarşıdakı çətin oyuna hazır olduqlarını, baş məşqçinin bütün tapşırıqlarını dəqiq yerinə yetirməyə çalışacaqlarını deyiblər.
Amin Yunanov- hücumçu: “Oyuna yaxşı hazırlaşırıq. Fasilədən sonra çalışdıq ki, istifadə edək, çatışmazlıqlarımızı aradan qaldıraq. “Qarabağ” da bildiyiniz kimi Azərbaycanın ən güclü, ən yaxşı komandasıdır. Ev sahibi olsaq belə, yenə də səfərdə oynayacağıq. Çalışacağıq ki, yaxşı nəticə ilə geri qayıdaq, inşallah”.
Martin Juniors- yarımmüdafiəçi: “Cümə günü “Qarabağ” ilə qarşılaşacağıq. Çox vacib matç olacaq. Bizi gərgin oyun gözləyir. Rəqibimiz güclü komandadır. Futbolçular olaraq bu matça tam köklənmişik. Bizim üçün uğurlu bir qarşılaşma olar. 3 xalı qazanmağa çalışacağıq. Ötən oyunda yenilsək də qol vurdum. Qarşıdakı görüşə də hazıram”.
"Kəpəz"-"Qarabağ" oyunu martın 29-da Bakıda Tofiq Bəhrəmov adına Respublika stadionunda saat 19:00-da start götürəcək.
Ramin Paşayev
- Baxış: 288