• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 20.03.2024 16:03

Yaradıcılıq dərnəkləri fəaliyyətə başlayıb

KepezTV Player

Gəncə Dövlət Filarmoniyasında ilk dəfə olaraq dərnəklər fəaliyyətə başlayıb. Peşəkar müəllim heyətinin iştirakı ilə keçirilən məşğələlərdə 29 istiqamət üzrə hazırlıq nəzərdə tutulub.

Hər ixtisas üzrə həftədə 2 dəfə keçilən dərslərə fevral ayının 1-dən start verilib. Buraya 9 yaşından böyük hər bir tələbə müraciət edə bilər. Dərnəkdə fortepiano, milli rəqs, xarici rəqs, rəsm, gimnastika, balet, vokal, xanəndəlik, xor, tar, kamança, ud, kanun, skripka, alt, violonçel, kontrabas, fleyta, truba, trambon, valtorna, sintezator, zərb alətləri, teatr, şahmat, foto, video, dizayn və yoqa dərsləri keçirilir.

Şəhla Məmmədova- Gəncə Dövlət Filarmoniyasın bədii quruluş hissə müdiri: “Yeni yaranmasına baxmayaraq, dərnəyimizdə artıq 30-35 nəfər uşaq var. Uşaq deyirik, amma burada yeniyetmələr, gənclər də var. Yaş məhdudiyyəti yoxdur. Dərnəyin yaranmasında əsas məqsədimiz gənclərimizin daha da savadlanmasına, daha da püxtələşməsinə, nailiyyətlər əldə etməsinə zəmin yaratmaqdır. Dərnəklərin vaxtı 6 ay və 1 il olur”.

Dərnəklərdə keçilən təlimlər xüsusilə asudə vaxtın səmərəli təşkili, fiziki aktivliyin yüksəldilməsi və bacarıqların inkişafında müsbət rol oynayır.

Şirxan Cahangirov- müəllim: “Dərnəyin açılmasının istedadlı uşaqların üzə çıxmasında çox önəmli bir rolu var. Və mən də nə bacarıramsa çalışacam ki, gənclərin üzə çıxmasına kömək edim. Fəaliyyətimiz 1-4 günlər olur. Saat 1-dən 7-yə kim buradayıq. İstedadı olan, səsinə güvənən hər kəs gələ bilər”.

Dərnək üzvləri mütəmadi olaraq konsertlərdə, televiziya və radio verilişlərində çıxış edəcəklər.

Sevil Xəlilova- tələbə: “Təxminən 1 aya yaxındır rəssamlığa gəlirəm. Hər zaman bu sahəyə çox böyük həvəsim olub. Ona görə də filarmoniyaya müraciət etdim. Və hal-hazırda da işıq-kölgə effektləri, sadə qələmlə işləmək və rəsm qurmaq, natürmortla məşğul oluram. Və gələcəkdə də məhz boya ilə işləməyi düşünürəm”.

Leyla Mehdiyeva- tələbə: “Bir müddətdir ki, burada Şirxan müəllimdən dərs alıram. Uşaqlıqdan da hər zaman arzum olub ki, xanəndəlik üzrə təhsil alım. İndiyə kimi Şahnaz, Qatar, Mirzəhüseyn segahı, Mahur-Hindi muğamlarını öyrənmişəm. Öz yaşıdlarımı da dərnəyə dəvət edirəm”.

Dərnəyi bitirən hər tələbəyə sonda sertifikat təqdim olunacaq. Daha ətraflı məlumat almaq istəyənlər Gəncə Dövlət Filarmoniyasına müraciət edə bilərlər.

Aişə Rzayeva