• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1045
— 20.03.2024 15:59

Asfalt dağıdılırsa, niyə bərpa edilmir?

KepezTV Player

Gəncədə problem deyiləndə ilk yada düşən əlbəttə ki, yol məsələsidir. Hətta artıq asfalt örtüyünün yararsız halda olması qəzaların baş verməsinə də gətirib çıxarır. Bu azmış kimi su və kanalizasiya borularında, qaz xətlərində ortaya çıxan nasazlıqlar nəticəsində qazılan yollar yenidən bərpa edilmir. Bu məsələlərə görə sakinlər və sürücülərin şikayətlərini nəzərə alıb çəkiliş etmişik və problemin hansı səbəbdən qaynaqlandığını və nə zaman həll ediləcəyini öyrənməyə çalışmışıq.

Gəncədə su və kanalizasiya sisteminin yenilənməsi başlanandan yaşanan yolsuzluq şəraiti bir başqa formada da özündən söz etdirir. Normal vəziyyətdə olan asfalt örtüyünün qazıldıqdan sonra bərpa edilməməsi və ya təbii proseslər zamanı çökəklərin yaratdığı mənzərə formasında. 

Bu çuxur Gəncənin yollarındakı çökəklərdən sadəcə biridir. Burada olan nahamarlıq nəticəsində bir neçə gün bundan öncə qəza baş verib və nəqliyyat vasitəsi yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Bu da onu deməyə əsas verir ki, yoldakı bu nahamarlıqların bərpası önəmli məsələlərdədir.

Avtomobillərin təhlükəsiz hərəkəti üçün müşkülə çevrilən belə küçələr şəhərdə heç də az deyil. Şəxsi və ya dövlət qurumları tərəfindən qazılaraq iş görülüb qurtardıqdan sonra asfalt qatı bərpa edilməyən yollar nəqliyyat vasitələrini tez-tez sıradan çıxır. 

Vahid Məmmədov- sürücü: “Gəncədə yol məsələsi çox böyük bir problemdir. Biz sürücülər bundan çox əziyyət çəkirik. Bizim yaşda olanlar kələ-kötür yollara görə evdən çölə çıxa bilmirik. Yollarda işıqların zəif olması, çökəkləri görməməyimiz maşını bərbad vəziyyətə gətirir çıxarır”.

Emin Eminbəyli- sakin: “Qazırlar, sonra gəlib düzəltmirlər. Neçə maşın çuxurlar səbəbindən dal-dala dəyib. Orda qazıblar, maşın gələndə altı dəydi, möhkəm əzildi.”.

Elmar Musazadə- sakin: “1 həftə, bəlkə də 10 gündür necə qazıblarsa, eləcə də durur. Bunu düzəltmək olar. Bu, maşınlara qəza şəraiti yaradır. Hamı istəyir ki, rahat yaşasın, hər şey rahat olsun. Biz də hamı kimi istəyirik ki, Gəncəmiz gözəl olsun”.

Gəncədə yolların bu cür qazılaraq yararsız hala düşdüyü yerlər kifayət qədərdir. Təbii ki, belə olan halda avtomobillər sıradan çıxır və qəzalar da qaçılmaz olur. Bu vəziyyət haqlı olaraq sürücülərin və sakinlərin nazarılığına gətirib çıxarır. Bəs görəsən yolların bu cür qazılmasının icazəsi kim tərəfindən verilir.

Öyrəndik ki, qazıntı Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilib və icazə, eləcə də suallarımızı məhz qurumun məsul şəxsi cavablandırıb.

Elbrus Hacıyev- Gəncə STSC-nin texniki istehsalat şöbəsinin rəisi: “Qəzaları bərpa etmək üçün həmin ərazilərdə qazıntı işləri aparmağa məcburuq. Buna görə biz qazıntı işlərinin aparılması üçün Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən qazıntıya icazə verildikdən sonra həmin ərazidə əməkdaşlarımız tərəfindən təmir-bərpa işləri görülərək qəza aradan qaldırılır. Bir müddət də tərəfimizdən gözlənilir ki, həmin yerdə bərkimə getsin ki, sonra ora asfalt vuranda asfalt çökməsin. Bir müddətdən sonra həmin ərazidə tərəfimizdən mərhələli şəkildə asfaltın vurulması işləri görülür”.

Gəncədə asfalt qatı normal olan, lakin qazıntı işlərindən sonra bərpa edilməyən yollar məsələsi Milli Məclisdən də səsləndirilib. Yolların mühafizəsi və qorunması barədə deputat Naqif Həmzəyev danışıb.

Yolun mədəniyyət olduğu deyilsə də, bunun əksinin hər addımda şahidinə çevrilməyimiz məyusluq doğurur. Yolların bərpası, yenidən qurulması nə qədər vacib olsa da, onun qorunması və mühafizəsinə də bir o qədər əhəmiyyət vermək labüddür. Gəncənin yollarının da bu baxımdan hamar olacağı ümidi ilə…

Orxan Cəfərzadə