Gəncə məktəblisi xaricdə təhsil hüququ əldə edib. Söhbət 26 nömrəli məktəb-liseyin XI sinif şagirdi Rəfiqə Muradovadan gedir. Şagird FLEX - yəni Gələcək Liderlərin Mübadilə Proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında təhsil almaq haqqı qazanıb.
FLEX Proqramı Amerikada təqaüdlə təhsil almaq istəyən orta məktəb şagirdlərinin müraciət etdikləri mübadilə proqramıdır. FLEX-in dilimizə tərcüməsi “Gələcəyin liderlərinin mübadiləsi” deməkdir. ABŞ dövləti tərəfindən maliyyələşdirilən bu proqrama hər il dünyanın dörd bir yanından 30 mindən çox şagird müraciət edir. Həmin şagirdlərdən yalnız 800-900 nəfəri seçilmişlərdən olur. Ölkəmizin 25 ildir qoşulduğu bu proqramda bu il 22 azərbaycanlı şagird iştirak etmək hüququ qazanıb. Onlardan biri də Gəncə məktəblisi Rəfiqə Muradovadır.
Rəfiqə Muradova- şagird: “Mənim 9-cu sinifdən bəri xaricdə təhsil almağa marağım başladı. Buna görə də fərqli proqramlarla maraqlandım. Bu proqramlardan biri də FLEX proqramı idi. Çox şadam ki, bu proqramdan keçdim, artıq finalçıyam. Hədəfim, bu proqram ilə xaricdə təhsil alıb, 1 il Amerikada yaşayıb, orada ölkəmi layiqincə təmsil etməkdir. Eyni zamanda da qayıtdıqdan sonra orada öyrəndiklərimi ölkəmdə tətbiq etməkdir”.
Rəfiqə Muradova aşağı sinifdən etibarən xarici dilə maraq göstərib. Ailəsinin də dəstəyi ilə sonra müxtəlif kurslar vasitəsilə özünü inkişaf etdirib. 11-ci sinfə çatanda isə FLEX-ə müraciət etmək qərarına gəlib. Ona, bu yolda təhsil aldığı məktəbin müəllimləri də dəstək olub.
Nəzirə Qəmbərova- müəllimə: “Rəfiqə bizim məktəbin ən savadlı, bacarıqlı şagirdlərindən biridir. Aşağı sinflərdə də o, öz bacarığı ilə digər şagirdlərdən seçilmişdir. Xüsusilə inglis dilinə olan marağı onu həmişə önə çıxarıb. Bir sıra xarici layihələrdə də iştirak edib. Rəfiqə proqramla bağlı mənə müraciət edəndə dəstəyimi əksik etmədim. Esse yazı formalarında, ərizə formasının digər hissələrində mən ona dəstək oldum. Şagird də öz bacarığı, qabiliyyəti ilə prqramın qalibi oldu. Mən düşünürəm ki, Rəfiqə bizim məktəbdə necə idisə, orada da özünü təsdiqləmiş olacaq”.
Vüsalə Səfərova- məktəb-liseyin direktoru: “Məktəbin ingilis dili müəlliməsi Nəzirə müəllimə mənə yaxınlaşdı. Belə bir şagirdimizin olduğunu dedi. FLEX proqramı ilə xaricdə təhsil almaq istəyinin oduğunu dedi. Eyni zamanda onun potensialından, savadından məlumat verdi. Sonra biz Rəfiqə ilə görüşdük. Onu dəstəklədiyimizi söylədik”.
FLEX proqramı şagirdlərə ABŞ-ın xalqı və mədəniyyəti ilə tanış olmaq, həmçinin digər şəxsləri öz ölkələri və mədəniyyətləri ilə tanış etmək imkanı yaradır. Bu proqram vasitəsilə şagirdlər ABŞ-da 1 təhsil ili müddətində qalıb, öz biliklərini artıra biləcəklər.
Rəfiqə Muradova- şagird: “İngilis dilini öyrənmək üçün dil kursuna başladım. Bu kursda özümlə yaşıd digər uşaqları da gördükcə, onlar mənə motivə olurdular. Daha çox xəyallarımın arxasınca getməyə həvəsləndirirdilər. Bu proqramları tapmaqda, ona necə müraciət etmək lazımdır mövzusunda çox kömək elədilər. Gələcəkdə İT sahəsi üzrə təhsil almaq istəyərdim. Çünki hazırda texnologiya inkişaf etdiyi üçün bu sahəyə böyük maraq var. Və ölkəmi də bu sahədə inkişaf etdirmək istəyərdim”.
Proqramda qalib olan məktəblilər 10 ay ABŞ-də yaşayır və təhsil alırlar. Onların bütün xərcləri Amerikadakı müxtəlif təşkilatlar və məktəblini qəbul edən ailələr tərəfindən qarşılanır.
Aişə Rzayeva
- Baxış: 237