• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1539
— 13.03.2024 19:37

Səyyar xidmətdən 150-dən çox Göygöl sakini yararlanıb

KepezTV Player

Səyyar “ASAN xidmət” növbəti rayonda vətəndaşların işini əlçatan edib. Bu dəfə Göygölə gələn səyyar avtobus, sakinlərə xidmət göstərir.

Rayon İcra Hakimiyyətinin yanında dayanan səyyar “ASAN”ın nəqliyyatı martın 15-dək sakinlərin xidmətində olacaq. Ayın 4-dən Göygöldə göstərilən xidmətlər Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, eləcə də Əmlak Məsələləri Dövlət xidməti tərəfindən təqdim olunur. Şəxsiyyət vəsiqəsinin və pasportların verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, notariat fəaliyyəti, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı qeydiyyatın aparılması kimi xidmətlər sadalanan qurumlar tərəfindən göstərilir. Eləcə də səyyar “ASAN xidmət” vasitəsilə dövlət rüsumlarının qəbulu, qan qrupu üzrə arayışlar, bank, tibbi, tərcümə xidmətləri və digər funksional yardımçı xidmətlər göstərilir.

Mehrac Cabbarlı- qrup rəhbəri: “Daha çox vətəndaşların müraciətləri müşahidə olunur Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlərlə bağlı, bu, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsidir. Eyni zamanda Əmlak Məsələləri və Dövlət Komitəsi tərəfindən göstərilən daşınmaz əmlakla bağlı əməliyyatlarda vətəndaşların müraciətlərinin daha çox olduğu müşahidə olunur. Göygöl rayonu ilə yanaşı, ətraf rayonların sakinləri də səyyar xidmətə gedib, xidmətlərimizdən yararlana bilərlər. Ümumiyyətlə, səyyar xidmətin göstərilməsində əsas məqsəd vətəndaşlar üçün dövlət xidmətlərinin əlçatanlığını təmin etmək, vətəndaş məmnunluğuna nail olmaq, həmçinin vətəndaşın vaxt itkisinin qarşısını almaqdır”.

Xidmətlərin göstərilməyə başladığı müddətdən ötən 7 gün ərzində 150-yə yaxın müraciət daxil olub. Sakinlər xidmətlərin səyyar formada göstərilməsindən razıdırlar.

Vilayət Əliyev- sakin: “Sürücülük vəsiqəmi dəyişmək istəyirdim. Xidmətə görə çox sağ olsunlar. Mən də Göygölün Yeni Qızılca kəndindənəm. Gəldim, burada asanlıqla vəsiqəmi dəyişdirdim. Əvvəl Gəncəyə gedirdik, əziyyət çəkirdik. İndi öz rayonumuzdadır. Gəlirik, asanlıqla vəsiqəmizi dəyişdiririk”.

Aysel Kərimova- sakin: ““ASAN xidmət” səyyar xidməti rayonumuza tez-tez gəldiyi üçün biz də xidmətlərdən burada istifadə edirik. Çox sağ olsunlar ki, bizə lazımi kömək göstərirlər və işimizi asanlaşdırırlar. Bunun üçün təşəkkür edirəm. Daşınmaz əmlakla bağlı müraciət etmişdim. Sağ olsunlar, suallarımı cavablandırdılar və köməklik göstərdilər”.

Göygöldən sonra Səyyar “ASAN” Goranboy rayonuna yollanacaq. Sakinlər aprelin 1-dən 26-dək xidmətə müraciət edə biləcəklər.

Orxan Cəfərzadə