• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1948
— 11.03.2024 19:52

56 yaşında futbola qayıdan veteran

KepezTV Player

Butslarını mıxdan asdıqdan sonra sevdiyi peşəsini unuda bilməyən və karyerasını bərpa edən oyunçular həm dünya, həm də Azərbaycan futbolunda az olmayıb. Bir vaxtlar "Kəpəz"in heyətində adından ən çox söz etdirən hücumçu Rövşən Əhmədov kimi. O, yenidən yaşıl meydandadır. 

Veteran futbolçu region liqasında çıxış edən Gəncə komandasında oynayan məşqçi kimi futbola qayıdıb. Rövşən Əhmədov həvəskarlar arasında keçirilən çempionatda kollektivin heyətində artıq oyunlara da çıxıb. Yaşıl meydanlara 11 nömrəli forma ilə qayıdan gəncəli futbolçu necə oldu ki, karyeranızı bərpa etdiniz sualına belə cavab verib.

Rövşən Əhmədov- "Gəncə"nin oynayan məşqçisi: “Gəncə futbol komandasında Tankçı Veteranlar Şurası var. Məni dəvət etdilər ki, bizim komandamıza gəlin, kömək edin. Mən də bunu qəbul etdim. Təyin etdilər, komandanın məşqinə getdim. Fikrim də var idi ki, baş məşqçi olum. Sonra da düşündüm ki, həm də oynayım. Oynayan məşqçi oldum. Hücumçu kimi oynamışam, gələcək nəsillər üçün istədim ki, tövsiyələrimi verim, oynasınlar, baxsınlar ki, hücumçu necə olur”.

Veteran oyunçu Şəki və Yevlaxın Qarxun komandalarına qarşı keçirdiyi oyunlarda qol vura bilməsə də, məhsuldar ötürmələrlə yadda qalıb. 56 yaşında sevimli sənəti ilə yenidən məşğul olmağa başlayan Rövşən Əhmədov bəzi çətinliklərinin olduğunu gizlətməyib.

Rövşən Əhmədov- "Gəncə"nin oynayan məşqçisi: “2 oyundur oynayıram. 56 yaşım olmasına baxmayaraq, hər iki görüşdə 90 dəqiqə meydanda olmuşam. Düzdür, bir az çətinliklər var. O da məşqsiz qaldığım üçündür. Qol vurmasam belə, iki qarşılaşmada 2 pas vermişəm, hər ikisində də qol vurublar”.

Əhmədovun gələcək üçün arzuları da var. O, “Gənc”ənin 2-ci liqada oynamısını istəyir.

Rövşən Əhmədov- "Gəncə"nin oynayan məşqçisi: “İstərdim ki, gələcəkdə hamı bizə dəstək olsun ki, ikinci liqaya çıxaq. Bir az maliyyə dəstəyi lazımdır ki, orada oynayaq, inkişaf edək. Cavanlar, uşaqlardı, 17, 18 yaşlarında, eləcə də bəzi uşaqlar da var ki, 25, 30 yaşları var. Ən yaşlısı mənəm. İstəyərdik ki, komandamız Gəncədə inkişaf etsin”.

Rövşən Əhmədov hazırda Gəncədə uşaq futbolu üzrə çalışdıcı kimi fəaliyyət göstərir. C kateqoriyalı mütəxəssis “Kəpəz”in 12 yaşlılardan ibarət komandasının baş məşqçisidir.

Orxan Cəfərzadə