Bəli, bu gündən müqəddəs Ramazan ayı başlayıb. Aprel ayının 11-ə qədər davam edəcək bu ay müsəlmanlar üçün əziz sayılır. Fəzilətlərindən isə qarşıdakı süjetdə tanış olacaqsınız.
Şəhər sakini: “İlin ən əziz aylarından biridir. Bütün müsəlmanlar- kim ki imkanı var, xəstə deyil, vəziyyəti imkan verirsə oruc tutur, Allah hər birini qəbul eləsin”.
Şəhər sakini: “Çox gözəl aydır. Həm Allah yolunda oruc tuturuq, həm sağlamlıq üçün”.
Şəhər sakini: “Mən səhhətimlə əlaqədar olaraq oruc tuta bilmirəm - 88 yaşım var. Amma insanlara kömək lazım olanda, mən əlimdən gələn köməkliyi edirəm”.
Şəhər sakini: “Hər il oruc tuturam. Çalışırıq ki, hər il edək. İftar süfrələri verək. Çox gözəldir orucluq ayımız. Allah qəbul eləsin”.
Bu gün 11 ayın sultanı olan Ramazan ayının ilk günüdür. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazanda iftar süfrələri açmaq, ehtiyacı olanlara, ahıllara, kimsəsizlərə yardım etmək bəyənilən əməllərdən sayılır.
İsgəndər Məmmədov- din xadimi: “Oruc tutmaq dinimizdə ən vacib buyurulan əhkam əməllərdən biridir. Ramazan 12 ayın sultanıdır, Allah qatında və öz rəhmət, mərhəmət, məxfirəti ilə Allah qatından yer planetinə endirilməklə insanlara, allah bəndələrini öz mərhəmət ehsanına dəvət edir”.
Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə, canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün çıxılması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.
İsgəndər Məmmədov- din xadimi: “Səfərdə olanlar, hamilə qadınlar və yaxud həkimin müayinəsi ilə oruc tutması həmin şəxsin xəstəliyini şiddətləndirər, ziyan vurarsa da bu baxımdan bu şəxslər oruc tutmaqdan azad sayılırlar. Amma digər baxımdan insan oruc tutmursa bir yaxşılıq edib, iftar süfrəsi vermək istəyirsə, hər bir yaxşılığın öz xüsusi yeri var”.
Bununla yanaşı Ramazan ayında balanslı qidalanmanı da xüsusi nəzarətdə saxlamaq lazımdır. Orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı saatlarda bol maye qəbulu mütləqdir. Artıq miqdarda və sürətli yemək isə sağlamlıq problemlərinə səbəb ola bilər.
Şirxan Vəliyev- həkim: “Xüsusən səhərlər yemək yeyən zaman sonradan bədəni susuzlaşdıracaq qidalardan - duzlu qidalar, şorabalar və ya çox şirin qidalardan istifadə etdikcə, bədən susuzlaşır. Bu dövr üçün baş ağrıları, baş hərlənməsi, təzyiq enməsi kimi problemlərlə qarşılaşa bilərlər. Ona görə səhər qidalarında xüsusilə buna diqqət eləməlidirlər. İftarda isə birdən-birə çox qida qəbul etmək olmaz. Bu, mədəni çox işlədəcək. Və sonradan dispektik pozğunluqlara, köpə səbəb ola bilər”.
Ramazanda Qədr, yəni Əhya gecələri 28, 30 mart, 1 və 5 aprelə təsadüf edir. Ramazan bayramı isə aprelin 10-11-də olacaq.
Aişə Rzayeva
- Baxış: 218