• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1273
— 10.03.2024 21:22

Aqrar sahədə mütəxəssis olmaq istəyənlər üçün fürsət

KepezTV Player

Ölkəmizdə aqrar sığorta mexanizmi təkcə fermer və təsərrüfatlar üçün deyil, eləcə də kənd təsərrüfatı mütəxəssisləri üçün də yeni imkanlar yaradıb. Belə ki, aqrar sığorta eksperti olmaq istəyənlər üçün əlavə xidmət haqları təyin edilib, həmçinin tələb olunan ixtisasların siyahısı genişləndirilib.

Tural Əbilov- müraciətçi: “Mən özüm coğrafiya ixtisasını bitirmişəm. Düzdür, öz ixtisasımla məşğul ola bilmirəm, amma kənd təsərrüfatına marağım böyükdür. Aqrar sığorta eksperti ilə bağlı elan gördüm. Çox marağımı çəkdi və müraciət etdim”.

Yenilənən ixtisasların siyahısı ilə tanış olduqdan sonra müstəqil aqrar sığorta eksperti kimi fəaliyyət göstərmək arzusunda olan Tural Əbilov ələ düşən fürsəti maksimum dəyərləndirməyi düşünür. Müsahibim işini bu istiqamətdə quraraq həm aqrar sahədə təcrübəsini artırmaq, həm də əlavə gəlir qazanmağı hədəfləyib.

Tural Əbilov- müraciətçi: “İstəyirəm ki, gələcəkdə mən də aqrar sahədə öz işimi quram. Mənə elə gəlir ki, bu sahədə gənc olanlar üçün bir fürsətdir. Çünki iş yerimizdən ayrılmadan əlavə gəlir əldə edə biləcəyik. Bu sahədə perspektiv çoxdur. Hiss edirəm ki, gələcəkdə bu səhədən daha böyük uğurlar əldə edə bilərik”.

Əkinlərin, bağların, heyvandarlıq təsərrüfatlarının sığortalanmasında, baş verən hadisə zamanı ödənişlərin verilməsi prosesində müstəqil aqrar sığorta ekspertləri vacib rol oynayır. Təsərrüfatlara baxış keçirilməsi, riskin qiymətləndirilməsi, hadisələrin araşdırılması və zərərin hesablanmasından ibarət olan ekspertlərin göstərdiyi xidmətlər ödənişlidir. Bu xidmətlər müqabilində ekspertlərə Aqrar Sığorta Fondu tərəfindən xidmət haqqı, eləcə də təsərrüfatlara getmək üçün yol pulu ödənilir.

Əli Əhmədov- Aqrar Sığorta Fondunun nümayəndəsi: “Ortalama bildirsək, indiyə qədər Azərbaycanda fəaliyyət göstərən aqrar sığorta ekspertlərinin bu sahədən aylıq gəlirləri 1000-2000 manatdan başlayır və dəfələrlə artıq məbləğlərə çata bilir. Bundan başqa işğaldan azad edilən ərazilərdə xidmət göstərən ekspertlərin xidmət haqqı ikiqat artıq ödənilir, eləcə də bayram və hüzn günlərində xidmət göstərən ekspertlərin xidmət haqqı 50 faiz, yəni 1.5 əmsalına vurulmaqla hesablanır. Bu da onlara ciddi gəlir təmin edir”.

Yeni qərarla aqrar sığorta eksperti üçün tələb olunan ixtisasların siyahısı genişləndirilərək 71-ə çatdırılıb. Bura aqronom, aqromühəndis, aqrotexniki, qida mühəndisi, coğrafiya, ekologiya, baytar, zootexnik, bağçılıq və tərəvəzçilik və sair ixtisaslar aiddir. Başqa sahədə çalışsalar belə, aqrar sığorta ekspertləri bu fəaliyyətlə əsas işlərindən ayrılmadan məşğul olmaq imkanına malikdirlər. 

Əli Əhmədov- Aqrar Sığorta Fondunun nümayəndəsi: “Müstəqil aqrar sığorta olmaq proseduru həddindən artıq sadədir. Aqrar sığorta sisteminə dəstək üçün bu proses sadələşdirilib. Mütəxəssis olmaq üçün Aqrar Sığorta Fondunda təşkil olunan təlimlərdən qeydiyyatdan keçib, həmin təlimlərdə iştirak etmək lazımdır. Bu təlimlərdən sonra Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan uğurla keçən ekspertlər sertifikat alırlar. Mərkəzi Bankın reyestrində qeydiyyata düşürlər və müstəqil aqrar sığorta eksperti kimi fəaliyyət göstərməyə başlayırlar”.

Aqrar Sığorta Fondu aqrar sığorta eksperti olmaq istəyən namizədlər üçün aprelin 8-dən 14-dək təlimlər də keçirəcək. Sənəd qəbulu isə martın 26-dək aparılır.

Orxan Cəfərzadə