• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 940
— 09.03.2024 19:36

Uşaqlara verilən adlar - Lənkəran, Marsel, Alan, Ayris...

KepezTV Player

Adımız həyatımız boyu şübhəsiz ki, ən çox eşitdiyimiz sözdür. Bu sözün yaxşı səslənməsi, müsbət aura yaratması hər kəs üçün çox önəmlidir. Ancaq elə valideynlər var ki, övladına ad seçərkən həmin uşağın gələcəkdəki missiyasını gözardı edirlər. Körpələrə qəribə, mənası və səslənməsi gözəl olmayan adlar qoyurlar. Bəs uşaqların gələcək həyatının başlanğıcı olan adqoyma zamanı nələrə diqqət edilməlidir?

Kürsüm, Xansu, Duanur, Badam, Alan, Manana və Ayris. Bu adlar ötən il uşaqlara verilən qəribə adlar siyahısında yer alır. Siyahını daha da genişləndirib, bura coğrafi adları da əlavə etmək olar. Milan, Roma, Yəmən, Afina, Sofiya və s. İndi valideynlər yeni doğulan uşaqlarına daha çox əcnəbi mənşəli adların seçilməsinə üstünlük verirlər. Övladlarına nadir və qeyri-adi adlar qoyurlar. Bu da hər zaman uğurlu alınmır və xoş səslənmir.

Şəhər sakini: “Məsələn, mən öz adımdan utanıram. Adım Şəkərdir. Nənəmin adını qoyublar. Məncə, müasir adlar qoyulmalıdır. Elə ad qoymaq lazımdır ki, uşaq utanmasın”.

Şəhər sakini: “Onsuz da 9 ay vaxtları var. Mənalı ad qoymaq lazımdır. Həm də ki, uşaq adı ilə böyüyür, o ad ilə formalaşır. Məsələn, Mübariz adında adamın  özü də mübariz olur. Kamil adamın özü də Kamil olur”.

Şəhər sakini: “Öz milli, gözəl adlarımız var. Ona görə məncə xarici şəhərlərin adlarını qoymağa gərək yoxdur. Uşaqlar çox problemlərlə üzləşirlər. Hətta deməyə belə utanırlar ki, mənim adım budur”.

Bununla yanaşı, hazırda tövsiyə olunmayan adlarla bağlı iş gedir. İndiyədək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında 2 minə yaxın adın verilməsi qadağan olunub.

Nail Qarayev- ekspert: “Azərbaycan Respublikası mülki məcəlləsinin 53.2-ci maddəsinə əsasən uşaqlara adlar valideynlərin razılığı ilə verilir. Nazirlər Kabineti yanında yaradılmış Terminologiya Komissiyasının tərtib etdiyi lüğətdə əlavə olunmamış adların qoyulması qadağandır. Qadağan olumuş adlardan misal gətirsək, gülünc doğuran ifadələr bildirən və ya ərəb, fars mənşəli adların həmin dillərdə qeyd edildiyi kimi yazılması, səsləndirilməsi qənaətbəxş deyil. Çünki həmin adların öz dilimizdə gözəl mənaları var”.

Deyirlər ki, ad insanın taleyinə yansıyır, həyatına yön verir. Ona görə də mütəxəssislər, uşaqlara cansız əşyaların, vəfat etmiş şəxlərin adlarının verilməsini düzgün hesab etmirlər. Mənası gözəl olan adların körpələrə verilməsini tövsiyə edirlər.

Ruziyə Quliyeva- filalogiya üzrə fəlsəfə doktoru: “Adlar insan həyatında çox mühüm rol oynayır. İnsan adı ilə ən azı fəxr eləməlidir. Adlar insanın taleyinə və xarakterinə təsir edir. Bir də görürsünüz adamın adını qoyurlar Kəsirə. Bu Kəsirənin həyatında uğur olmur. Hər şey natamam şəkildə olur. O insanın, şəxsiyyətin həyat yolunu işıqlandıran, gözəlləşdirən adlar qoysaq, düşünürəm ki, daha yaxşıdır”.

Düzdür, ad insanı ucaltmır, insan adı ucaldır. Lakin gözəl səslənən və qulağa xoş gələn adlarla ucalmaq daha assosiativ olar.

Aişə Rzayeva