Qadın elə bir qüvvədir ki, o, güclü bir dünya yarada bilir. Qadın elə bir qüvvədir ki, müdrikliyi ilə kitab da yazar. Nəhayət, qadın elə bir qüvvədir ki, həm də zərifliyi və incəliyi ilə həyata naxış vurar. Bəli, bu gün bütün dünyada qadınların bayramıdır. Şübhəsiz, xanımların incə qəlblərini sevindirmək üçün onlara hədiyyələr alınır. Bəs görəsən qadınlar üçün nə alınır və neçəyə?
Səhər saatlarından başlayaraq hər kəs qadınların bayramını təbrik etməyə tələsir. Kimisi əlində gül-çiçək dəstələri ilə, kimisi hədiyyələrlə, kimisi də ətirlərlə. Çünki incə qəlbli xanımlara da ancaq bunlar yaraşır. Elə mağazalarda da sıxlıq müşahidə edilir, qiymətlərin müəyyən qədər bahalaşmasına baxmayaraq. Gül mağazalarında qızılgüllərin qiyməti rənginə və böyüklüyünə görə dəyişir. 4-7 manat arasında. Gül dəstələri isə 15 manatdan başlayır.
Elçin Qəhrəmanov- satıcı: “Xaricdən gələn güllər olduğu üçün qiymətlər də qalxıb. Hər birində təxminən 1 manat qalxıb. Müştərilərimiz də bizim dükana gəlirlər, çalışırıq ki, onları da razı yola salaq”.
Surxay Əlizadə- sakin: “8 mart bayramı münasibətilə bacıma gül aldım. Qiyməti 25 manatdır. Bütün qadınların da bayramını təbrik edirəm. Qadınlar gülü çox bəyəndikləri üçün gülə üstünlük verirəm”.
Musa Nəsibov- sakin: “Bütün qadınları - anaları, bacıları təbrik edirəm. Allah hamısına uzun ömür versin. Bu gün yoldaşıma hədiyyə aldım. Anama da alıb, vermişəm”.
Emin İbrahimov- satıcı: “Təbii güllərə, dibçək güllərinə maraq var. İnsanlar gəlir, tələb edir, istəyir. Biz də gətirib, satırıq”.
Nicat Nağıyev- sakin: “Mən də öz nənəm üçün təbii güllər aldım. Təbii güllər daha yaxşıdır və bu güllərə üstünlük vermək lazımdır. Bütün qadınların da bayramını təbrik edirəm”.
Bundan başqa ətir dükanları və hədiyyə mağazalarında da canlanma var. Gül dəstələri alan müştərilər təqdim etdiklərini ətirlər və müxtəlif hədiyyələrlə zənginləşdirirlər. Qiymətlər isə alıcının cibinə görə dəyişir.
Raul Həmzəyev- satıcı: “Qiymətlərə kampaniya qoymuşuq. Ətir alana, 8 marta görə qutular hədiyyə veririk. Ətirin pulunu verir, qablaşdırmanı isə hədiyyə edirik. Alıcılıq qabiliyyəti 8 marta görə daha yaxşıdır”.
Nihat Əsədov- sakin: “Öz anam üçün ətir aldım. Bütün qadınların da bayramını təbrik edirəm”.
Fərid Vəliyev- sakin: “Mən bu gün qadınlar bayramı münasibəti ilə övladlarımı təbrik etmək üçün hədiyyə almağa gəlmişəm. Başda qızlarım olmaq şərti ilə, bütün Azərbaycan xanımlarını təbrik edirəm. Onlara qadın xoşbəxtliyi arzulayıram. Burda da hədiyyə seçdik, qiymətlər də münasibdir. Hədiyyəmizi götürdük, sağ olsunlar, endirim də etdilər”.
Bu gün həm də o qadınlarımızın, analarımızın bayramıdır ki, onlar igid, qəhrəman oğullar böyütdülər. Bu qorxmaz oğullarımız gözlərini belə qırpmadan ölümə gedərək, 30 illik işğala son qoydular. Bayramınız mübarək əziz qadınlar!
Elnur Vahidoğlu
- Baxış: 185