• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1346
— 06.03.2024 19:59

Uşaqlarda nitq geriləməsinin səbəbləri

KepezTV Player

Uşağın danışmasının başlanğıcı və söyləyəcəyi ilk sözlər hər bir valideyn üçün çox həyəcanlıdır. Ancaq müşahidələr onu deyir ki, uşaqların əksəriyyətində səs boğuqluğu və ya danışma pozğunluqları müşahidə edilir.

Müxtəlif səbəblərdən nitq inkişafında ləngiməsi olan uşaqların sayı daha da çoxalır. Ancaq nitqdə ləngimə vaxtında aşkar edilərsə və aradan qaldırılarsa, bu, o qədər ciddi problemə çevrilməz. Bu məsələdə məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür. Onlar narahatlıq hiss etməklə uşağı müayinələrə aparmalı və onun üçün ən yaxşı həkimləri seçməlidirlər.

Şəhər sakini: “Mən şəxsən öz övladımdan götürürəm ki, həkim səhvindən mənim uşağımda nitq geriləməsi oldu. 6 ildir əziyyət çəkirik. Getmədiyimiz xəstəxana qalmadı. Nitq inkişafı da çox geriləyib. Dünən də loqoped uşağıma baxdıqda dedi ki, sizin uşağınız 2 yaşlı uşaq yerindədir. Mən də bir valideyn kimi bütün valideynlərə müraciət edirəm ki, uşaqlarının balaca ikən düşsünlər üstünə, gecikdirməsinlər”.

Şəhər sakini: “2 yaş yarımlığında gördüm ki, nəvəmin nitqində geriləmə gedir, danışmır. Ümidli oldum ki, danışar. Gördüm ki, nitqində geriləyir, uşaqda özünəqapanma var, göz kontaktı yoxdur, gəldik mütəxəssislərə müraciət etdik, yoxladılar. Hal-hazırda da loqopedə gedir”.

Son iki onillikdə uşaqların nitq inkişafında müəyyən edilmiş dəyişikliklərin statistikası on qat artıb. Nitqin inkişafında gecikmə təfəkkürün inkişafına mane olur, psixi-nitq inkişafının ləngiməsi yaranır və anadangəlmə zehni və nevroloji xəstəliklər nitqin inkişaf etməməsinə səbəb olur.

Zəhra Ramazanlı- loqoped: “Uşağın tez-tez xəstələnməsi, yoluxucu xəstəliklər keçirməsi və ya yıxılması, kəllə-beyin travması alması, bunlar uşağın orqanik olaraq nitq ləngiməsinə səbəb olur. Daha sonra isə funksional faktorlar var. Bunlar xarici dillərdə telefon istifadə etməkdir, əlavə şəkərli, qazlı qidalardan həddindən artıq çox istifadə etməkdir, həddindən artıq çox ünsiyyətdən kənarda qalmaqdır. Yəni uşağın parklara, bağçalara, həyətdə oynamağa çıxarılmamasıdır və ailədə ikidilliliyin olmasıdır. Normal inkişafa sahib uşaq ən gec 1 yaş 1 aylığında məqsədli və ünvanlı şəkildə sözünü demiş olmalıdır. Yox, əgər deməyibsə, valideynlər narahat olmalıdır və övladları ilə bağlı mütəxəssislərə müraciət etməlidirlər”.

Ümumiyyətlə, uşağın danışma çətinliyi nə qədər uzunmüddətli olarsa, psixi və əqli inkişafı bir o qədər gecikər. Çünki uşaqlar böyüdükcə, başqaları ilə dialoqlarda deyilənlərdən daha çox məlumat əldə edirlər. Bu, artıq psixoloji nitq inkişafı ləngiməsi müalicəsini mümkün qədər erkən başlamaq üçün bir səbəbdir.

Selcan Hüseynova- psixoloq: “Ümumi uşaqlarda bu nitq geriləməsi nəyə görə baş verir? Çünki valideynlər uşaqları ilə az ünsiyyətə girir və uşaqlar telefondan, rəngli ekrandan daha çox istifadə edirlər və bu uşaqların sosiallaşmasına çox ciddi şəkildə təsir edir. Uşaqlar bağçaya getmək əvəzinə, çöldə oynamaq əvəzinə evə qapanırlar. Valideynlər öz işlərini görmək üçün, öz rahatçılıqları üçün uşaqlara telefon verir və bu da uşaqlara nitqinə, ümumi inkişafına ciddi şəkildə zərər verir”.

Bu problemin aradan qaldırılması üçün diaqnozun düzgün qoyulması və sonradan mütəxəssislərə müraciət etmək vacib şərtdir.

Pərvin Abbaszadə