Bakıda "Qarabağ FK - 30 mövsüm səfərdə" sənədli filminin təqdimatı keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan və "Qarabağ" Futbol Klubundan bəhs edən filmin təqdimat mərasimində Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ölkənin idman və mədəniyyət nümayəndələri iştirak ediblər. Filmdə "Qarabağ" Futbol Klubun keçdiyi tarixi dövrdən bəhs olunub, komandanın SSRİ dövründəki uğurları izləyicilərin diqqətinə çatdırılıb. Həmçinin, filmdə xarici jurnalistlərin və futbolçuların "İmarət" stadionu, "Qarabağ" klubu ilə bağlı hazırladığı materiallar və fikirləri də yer alıb. Filmdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra Ağdam rayonu ərazisindəki "İmarət" stadionunun taleyindən, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun klubdakı fəaliyyətindən də bəhs edilib. Həmçinin, klubun Avropa Liqasındakı uğurları, adının Avropanın tanınmış klubları ilə bir sırada çəkilməsi vurğulanıb. Klubun baş məşqçisi Qurban Qurbanovun "Qarabağ"ın uğurlarındakı rolu xüsusi qeyd olunub. Mədəniyyət Nazirliyi, "Salnaməfilm" və "Azərbaycanfilm"in ortaq layihəsi olan film 4 hissədən ibarətdir.
- Baxış: 166