Gəncədə marafona qatılmaq üçün 60-dan artıq atlet qeydiyyatdan keçib. Onların içərisində daha təcrübəli olanlardan Səməd Əhmədov və Ramin Yusifov da Xankəndidən Bakıya qədər olan məsafəni qət etmək niyyətindədir. 5 gün davam edəcək marafonda gəncəli idmançıları çətin sınaq gözləyir. Bu səbəbdən onlar yarışa ciddi hazırlaşırlar.
Səməd Əhmədov- marafon iştirakçısı: “Gündəlik olaraq 16, 17 km məsafələr qaçıram və yürüyüşlər edirəm ki, ən azından müəyyən mərhələlərə çata bilim. İnşallah, ayın 29-da 1-ci məntəqə, daha sonra bir qədər istirahət edəndən sonra 2-ci məntəqə, yəni belə 5 gün davam edəcək. Bu bizim üçün qürur hissi olacaq. İnşallah, orada əlimizdən gələni edəcəyik. Hamımız üçün bu, fəxr hissidir”.
Faiq Əsədov- baş məşqçi: “UGİM-in məşqçisi Əhmədov Səməd Nail oğlu iştirak edəcəkdir. Eyni zamanda da bizim köhnə atletimizdir. Əhmədov Səməd dəfələrlə 1500, 3000 m məsafələrdə Azərbaycan birinciliklərinin, Azərbaycan çempionatının mükafatçısı olub, çempionu olub. Mən idmançıma güvənirəm. Və mən həqiqətən inanıram ki, idmançım finiş nöqtəsinə gəlib çıxacaqdır”.
Yürüyüşə Xankəndidə start veriləcək və iştirakçılar 380 km məsafə qət edərək, finişə Bakıda çatacaqlar. Ultra marafon iştirakçıları Xankəndi - Yevlax, Yevlax - Ucar, Ucar - Hacıqabul, Hacıqabul - Qobustan və Qobustan - Bakı mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.
Aikido idman növü üzrə 5 dan qara kəmər sahibi Ramin Yusifov da ultra marafonda gücünü sınayacaq idçmançılardandır.
Ramin Yusifov- marafon iştirakçısı: “Çətin məsafədir. Ümumiyyətcə, buna güclü hazırlıqlar lazımdır. Mən 15-20 ilə yaxındır qaçıram, marafonlarda iştirak etmişəm. Marafon, yarı marafon qaçmışam. Kross yarışlarında yaxşı nəticələrim olub. Mən çox sevinirəm ki, Xankəndini görəcəyəm. Ən çox da elə istədiyim odur ki, gedim, Xankəndini görüm. Mən Şuşada da yeni alınan vaxtı niyyətim idi ki, Şuşada da qaçım. 10 km qaçış eləmişdim özüm üçün. Bu gün xoşbəxtəm ki, Xankəndidə də mənə qismət olacaq orada da qaçacağam”.
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək. İlk dəfə təşkil olunan Ultra Marafonda yaşı 18-dən yuxarı olan idmançılar iştirak edəcəklər. “Qürurla irəli” şüarı ilə keçiriləcək Ultra marafonda hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Tarixi əhəmiyyət daşıyan Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.
Ramin Paşayev
- Baxış: 257