• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 27.02.2024 19:46

Sambaçı azarkeşlərin sevimlisi olmağa çalışır

KepezTV Player

Futbolu azarkeşlərə sevdirən mübaliğəsiz ki, bu idman növü ilə peşəkar səviyyədə məşğul olanlardır. Ayrı-ayrı futbolçuların oyunu tamaşaçılarda futbola sevgi yaradır. Göstərdikləri oyuna görə onlar publikanın sevimlisinə çevrilirlər. “Kəpəz”in heyətində də belələri az deyil. Onlardan biri Junior Martinsdir. 

Bütün braziliyalılar kimi onun da uzun adı və soyadı var. Tam təqdimatı belədir: Alessandro Pinheyro Martins Junior. Yarımmüdafiəçi mövqeyində çıxış edən Junior iki ilə yaxın müddətdir ki, “Kəpəz”in heyətində top qovur. Martinsi "sarı-göylər" üçün əvəzedilməz oyunçu hesab etmək olar. Əsas heyətin daimi üzvü olan sambaçı zədə və ya cəzalı durumda olduğu halda kənarda qala bilər. Özünə xas oyunu ilə fərqlənən braziliyalı əvvəlki illərdə "Kəpəz"də oynamış Dario Frederiko kimi gəncəli azarkeşlərin sevimlisinə çevrilməyə çalışır. 

Junior Martins- yarımmüdafiəçi: “Gəncəlilər sevimli və istiqanlı insanlardılar. Bunu özümə qarşı münasibətdən deyə bilərəm.  Ara-sıra ailəm də Gəncəyə baş çəkir. Bir müddət öncə vətənə döndülər. Azərbaycan mətbəxini sevirəm. Sadəcə təamların adlarını yadda saxlamaq mənim üçün çətindir. Kabablarınız olduqca dadlıdır. Adam yedikcə doymur”.

Karnavalları və müxtəlif bayramlarını nəzərə alsaq, braziliyalıların əylənməyi sevdiyini deyə bilərik. Martins deyir ki, sakit Gəncə həyatına baxmayaraq, darıxmır. Əylənmək üçün tətillərdə vətəninə yollanır. 24 yaşlı futbolçu hazırda bütün diqqətini futbola yönəldib. Junior komandaya yeni baş məşqçinin gəlişi ilə çıxışlarında fərqin yarandığını bildirib.  

Junior Martins- yarımmüdafiəçi: “Performansımız artıb. Xüsusilə də Adil Şükürovun gəlişindən sonra irəliləyiş var. Qalib də gəlirik, uduzuruq da. Amma oyunumuzda günbəgün inkişaf müşahidə olunur. Komanda həm yaxşı oyun sərgiləməyə, həm də nəticə qazanmağa çalışır. Sadəcə, bu, futboldur. Bəzən bəxtin gətirmir. Çempionatda qalmağa köklənmişik. Fanatlarımıza da minnətdarlığımı bildirmək istəyirəm. Həmişə bizimlədirlər, dəstək verirlər. Uduzanda da bizi tək qoymurlar. Matçlarımıza daha da çox azarkeşin gəlməsini istərdim”.

Futbolla bağlı bir maraqlı məqamı Martinslə müzakirə etməyə bilməzdik. Dünya çempionatları tarixində bir dəfə də olsun mundialın final mərhələsindən kənarda qalmayan Braziliya millisi indi qeyri-stabil çıxış edir. Təsnifat mərhələsində sambaçıların vəziyyəti acınacaqlıdır. Penta-kampeonlar seçmə mərhələdə 6-cı yerdədirlər. Reqlamentə əsasən Cənubi Amerikadan 6 yığma komanda final mərhələsinə birbaşa yüksələ bilər ki, braziliyalılar cəmi 2 xalla Paraqvay və Çili təmsilçilərini qabaqlayırlar. Qrupda 7-ci yeri tutan milli play-off mərhələsindən mundiala qatıla bilər. Amma istənilən halda hazırkı vəziyyət futbol nəhəngi olan ölkə üçün arzuolunan hal deyil. Görəsən, Martins bu barədə nə düşünür?

Junior Martins- yarımmüdafiəçi: “Braziliya millisinin parlaq tarixi var. Bəzən ən güclü komanda belə uğur qazanmaqda çətinlik çəkir. Bir braziliyalı kimi əlbəttə, mən də istərdim ki, komandamız mundialda çıxış etsin. Dünya çempionatına gedə bilməsək, bu, bizim üçün faciə olar. Futbol inkişaf edir. Zəif komanda anlayışı yoxdur. Braziliyanın qrupdakı rəqibləri də güclü yığmalardır. Onlar da qazanmaq istəyirlər”.

Martinslə söhbətin sonunda ondan pərəstiş etdiyi futbolçunun adını səsləndirməsini xahiş etdik. Seçimi tanınmış həmyerlilərindən yana oldu. O, gənc yaşlarında Ronaldinyonu, hazırda isə Vinisius Junioru bəyəndiyini dedi. Son turlar ayağı açılan Junior ayın qolu layihəsinin qalibi də olub. Premyer Liqanın 19-cu turu çərçivəsində "Turan Tovuz"la oyunda rəqib qapısına vurduğu qol yanvar ayının ən yaxşısı seçilib. PFL-in keçirdiyi müsabiqədə azarkeşlər daha çox Martinsə səs verərək onu qalib ediblər.

Ramin Paşayev