Xocalı soyqırımı ədəbiyyatda və incəsənətdə
Günəş, necə yanırsan?!
Necə alovlanırsan?!
Yer, niyə dolanırsan?!
Dayanıb sükutla dur!
Dərk et bu fəlakəti.
Görünməz müsibətdir
Xocalı müsibəti!
Yerdə qalsa belə qan,
Əl üzülər dünyadan.
Məğrurdur Azərbaycan!
Cəzasız qalmadı
Törədən cinayəti!
Dəhşətlər dəhşətidir
Xocalı müsibəti!
Bədii ədəbiyyatın mühüm vəzifələrindən biri milli yaddaşa xidmət etmək, onu gələcək nəsillərə çatdırmaq, eləcə də müəyyən məsələni bəşəri məsələyə çevirməklə onu insaniləşdirmək, bəşəriləşdirmək və təbliğ etməkdir. Çünki “ədəbiyyat və sənət sərhəd tanımır” deyiblər. Bütün bəşəriyyət üçün təhlükə mənbəyi olan erməni faşizminin qəddarlıqla azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının dünyaya tanıdılmasında da sərhədsizlik lazım idi. Çünki bu mövzuda ərsəyə gələn ədəbiyyat həm də milli qan yaddaşımızdır. Fikrət Qоcаnın “Hər gecə Хоcаlıdа”, Qəşəm Nəcəfzadənin “Хоcаlı mövsümü- fevrаl”, Söhrab Tahirin “Xocalı qırğını” və digər bu kimi əsərlər mövcuddur.
Bununla yanaşı incəsənətdə də Xocalı mövzusunun izlərinə bəstəkarlarımızın əsərlərində də rast gəlmək mümkündür. Mərhum bəstəkar Ramiz Mustafayev konkret Xocalı mövzusunda əsər yazmasa da, Qarabağ, milli azadlıq mövzusunda xeyli əsərlərin müəllifi idi. Bu sıradan onun mərhum Nəbi Xəzrinin sözlərinə yazdığı "Salatın" oratoriyasını, Məmməd İsmayılın sözlərinə yazdığı "Bu qan yerdə qalan deyil" vokal simfonik poemasını, Hikmət Ziyanın sözlərinə yazdığı "Haqq sənlədir, Azərbaycan" kontatasını qeyd etmək olar. Həmçinin Fransız bəstəkar Pyer Tilloy erməni silahlı birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqili pyes bəstələmişdir.
“Xocalı 613” musiqi pyesi Pyer Tilloy tərəfindən 2013-cü ildə yazılmış və Qarabağ münaqişəsi zamanı 26 fevral 1992-ci ildə Xocalı şəhərində törədilmiş soyqırım nəticəsində erməni silahlı qüvvələri tərəfindən oldürülmüş 613 dinc sakinin xatirəsinə həsr edilmişdir.
Bəstəkar özü bu əsər haqqında belə deyir: “Xocalı qırğını, Azərbaycan xalqının yaddaşında ən həssas və kədərli hadisələrdən biri kimi qalmış, bu hadisə bütöv bir xalqın hələ də əziyyət çəkdiyi uzunsürən Qarabağ münaqişəsi ilə əlaqəlidir. Adətən "yaddaş" adlandırılan bir mexanizm mövcuddur ki, o, vulqar pafosdan uzaq formada insanlığı unutmadan qorunur və onun ləyaqətinin keşiyində durur. "Yaddaş" həmişə, siyasi və inqlabi kontekst çərçivəsindən çıxaraq insanlara onların qəlbinin dərinliklərinə toxunacaq əsas dövrlər, çətin anlar və dramları xatırladan musiqiçilər və digər sənətkarlar üçün yaradıcılıq bayrağı olmuşdur.”
Azərbaycanın tarixi guşələrindən biri olan Xocalı ən qədim memarlıq və mədəniyyət abidələri ilə də zəngindir. Təəssüf ki, mənfur qonşularımızın işğalçılıq siyasəti nəticəsində Xocalıdakı tarixi abidələrimiz də təcavüzə məruz qalaraq dağıdılmışdır. Ancaq hələ də muzeylərimizdə Xocalıya aid eksponatlar saxlanılmaqdadır. Gəncə şəhər Hacıməlik qəsəbəsində yerləşən Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyində olarkən, Xocalıya aid eksponatların hələ də saxlanıldığına şahid olduq. Burada Xocalıya aid xalçalar, təkmələr, maddi- məişət əşyaları, saxsılar, mis qablar, cəhrə, kirkirə, iplik və həmçinin Xocalı sakini Mehdi Kərimovun hazırladığı “Xocalıda kənd həyatı”, “Su dəyirmanı”, “Kiçik kənd həyatı”, “Əsgəran qalası” mövcuddur.
Tofiq Məmmədov- Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinin direktoru: “Muzeyimiz Xocalı rayonunun Yaloba kəndində bir il fəaliyyət gösdərmişdir. Fəaliyyət gösdərdiyi dövrdə 2500 ədəd eksponat toplanmışdır. Erməni mənfurlarının Kosalar kəndinə hücumu zamanı muzeydə olan eksponatların əksəriyyəti işğal altında qalmışdır. Ancaq bəzilərini isə çalışdıq gətirək və hal-hazırda isə muzeyimizdə həmin eksponatlar nümayiş edilir”.
Xatirə İsmayılova- Xocalı rayon Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi: “Azərbaycanda əlverişli iqlim şəraitinin olması xalçaçılığın inkişaf etməsinə səbəb olmuşdur. 8 xalçaçılıq məktəbimiz mövcuddur. Quba, Qusar, Gəncə, Bakı, Naxçıvan, Təbriz, Qazax, Qarabağ. Bunların içərisində ən geniş yayılmışı Qarabağ xalçalarıdır”.
Bu qətliamın dəhşətləri həmçinin bir çox rəssam, qrafik və heykəltəraşların yaradıcılığında da öz əksini tapıb. Bu mövzuda Göygöl rayon Əlişad Məmmədov adına Üçtəpə kənd tam orta məktəbində “Xocalı faciəsi” adlı rəsm sərgisi təşkil edilib. Sərginin əsas məqsədi Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltməkdir.
Bununla yanaşı 2022-ci ildə Rəssamlar İttifaqı tərəfindən təşkil edilən sərgidə Xocalı mövzusunda diqqətçəkən plakat, qəzet və jurnallarda Vaqif Ucatayın əsərinə rast gəlmək mümkündür. Əsərdə türk uşağının qarnına qılınc saplanıb, qan hər yana tökülüb. Bunlara misal olaraq Xalq rəssamı Mais Ağabəyovun "Xocalı faciəsi", Əməkdar rəssam Bəyim Hacızadənin, “Ömrünün axırıncı dəqiqəsi”, Əməkdar rəssam Fərman Qulamovun "Azadlığa doğru", Rafael Muradovun "Qaçqınlar", Həmzə Abdullayevin "Yandırılmış Vətən. Qaçqınlar", Rza Avşarovun "Xocalı faciəsi", Sirus Mirzəzadənin “Xocalı”, istedadlı rəssamlar Nazim Məmmədovun "Xocalının son günü", Məmməd Orucovun "Xocalı qaçqınları", Eldar Babazadənin “Ana fəryadı”, Arif Hüseynovun "Xocalı" və digər fırça ustalarının əsərlərini nümuna olaraq göstərə bilərik.
Leyla Əliyeva
- Baxış: 2542