• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 23.02.2024 10:05

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib. Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb. Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb. Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə “Qarabağ” meydanda azlıqda qalıb. Müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Say üstünlüyündən istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer Fernandes yaxın məsafədən "çərçivə"ni dəqiq nişan alıb. “Braqa” 83-cü dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib. Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb. 102-ci dəqiqədə Mateus Silva fərqlənərək, “Qarabağ”ı ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, ümumi hesabı bərabərləşdirib. Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib. Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.  "Bu gün zəfər çalmaq daha ləzzətli oldu”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında deyib.
Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində potensial rəqibləri müəyyənləşib

 Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində potensial rəqibləri müəyyənləşib. Azərbaycan çempionu bu gün keçiriləcək püşkatma mərasimində səpələnməmişlər səbətində yer alacaq. Qurban Qurbanovun başçılıq etdiyi kolletiv qrup birincilərindən biri ilə qarşılaşacaq. Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul, “Reyncers”, “Atalanta”, “Vilyarreal”, “Slaviya” və “Bayer 04”dür. Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyununu evdə keçirəcək. 1/8 final mərhələsinin matçları martın 7-də və 14-də keçiriləcək.

Avropa Liqasından “Qarabağ”la bağlı paylaşım: “Tarix kitabları üçün!”
UEFA Avropa Liqası “Qarabağ”ın turnirin 1/8 finalına vəsiqə qazanması münasibətilə paylaşım edərək Ağdam təmsilçisinin bu nailiyyətini tarixi adlandırıb. Avropa Liqasının sosial şəbəkə hesabında “Tarix kitabları üçün!” - paylaşımı edilib.