• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 20.02.2024 15:43

Müxtəlif yollarla qazanılan pullar

KepezTV Player

Son günlər “TikTok”la bağlı yerli hakimiyyət orqanlarına çoxsaylı şikayətlər edilir. Bu, platforma üzərindən çirkli pulların yuyulması və qeyri-qanuni yollarla pul qazanması ilə bağlıdır. Qarşıdakı süjetdə bunun necə edildiyi və mübarizə aparıldığı barədə danışacağıq.

Dəyəri minlərlə dollar olan hədiyyələr, "TikTok"dan qazanılan dəbdəbəli həyat. Bəs bu gəlirin mənbəyi nədir? Nəzərə alsaq ki, bir müddət əvvəl Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə sosial media fenomenləri saxlanıldı, Azərbaycanda da "TikTok" platformasında hər gün canlı yayım açaraq, hədiyyələrə boğulan fenomenlər az deyil.

Şəhər sakini: “Onlara da pul göndərirlər. Məsələn, düzdür, asan yoldur, asan pul qazanmaqdır. Belə də baxanda, deyir, “bacarana baş qurban”, otururlar evlərində, qazanırlar. Belə şeylər gənclərimizi, yeniyetmələrimizi pozur”.

Şəhər sakini: “Heç nə, boş-boş danışırlar, bir dəfə maraq üçün girdim, elə-belə danışırlar və bizim millətimiz də elə-belə şeylərə də hədiyyə göndərir, şahidi olmuşam. Əgər təhsil üçün, yəni inkişafa aparacaq bir yoldadırsa, bunu istifadə etmək olar, amma boş-boş insanların, cavanların əxlaqına pis təsir edirsə, onu dəstəkləmirəm. Düşünmürəm ki, bizim gənclər üçün "TikTok" platforması yararlıdır”.

Şəhər sakini: “Hər şey göz önündədir. Yəni düşüklük edirlər, insana xas olmayacaq hərəkətlər edib, pul qazanırlar. Bu da insanlara xoş gəlir, yəni bəzi insanlara, hədiyyə atanlara. Hal-hazırda görürük, azyaşlı uşaqlar belə həmin yerdən istifadə edirlər. Məncə "TikTok"a yaş məhdudiyyəti qoyulsa, daha yaxşı olar”.

Şəhər sakini: “Baxıram, arada bir “şir”, “gül” belə bir şeylər göndərirlər və bildiyimə görə də bahalıdır. Nə bilim, camaatın başını qatırlar də, ayrı neyləyirlər ki?!”

"TikTok"-da əsas pullar qurulan oyunlar zamanı atılan jetonlardan gəlir. Bu jetonların hamısı pul ekvivalentindədir. Fenomenlər son zamanlar çirkli pulların yuyulması istiqamətində "TikTok"-un aldadılması ilə məşğuldurlar. Yəni eyni adama hər gün minlərlə dollar hədiyyə göndərilir. Atanlar da eyni adamdır, qəbul edənlər də.

Sadiq Xudaverdiyev- sosial media meneceri: ""Youtube" platformasında bu şəraiti yaradıblar ki, platformanın özü birbaşa əgər kartdan məxaric etmək istəyirsinizsə ki, başqa yoldan etmək olmur, orda mütləq şəkildə dövlət tərəfindən qeydiyyata düşülmək lazımdır, vergi ödənilməlidir və s. Amma "TikTok" platformasında bu cür deyil. "TikTok" platformasında bir neçə məxaric növləri var ki, məsələn, orda kart vasitəsilə də ola bilər, başqa bir elektron pulqabı vasitəsilə də ola bilər ki, bu, bir növ gizli çıxarış kimi bir şey çıxır. Çünki bundan nə dövlətin xəbəri olur, həm də vergidən də yayınmaq olur. Amma ümid edirəm ki, Azərbaycanda olan "TikTok" istifadəçiləri vergidən istifadə edir və qeydiyyatdan keçiblər".

Çirkli pulların yuyulması bütün ölkələrdə dövlət imtiyazları ilə tənzimlənir. Dövlət hansı sektora imtiyaz verirsə, həmin sektorun üzərindən çirkli pulların yuyulmasına çalışırlar. Azərbaycanda bu istiqamətdə, yəni "TikTok"erlər üzərindən kirli pulların yuyulması prosesi isə yavaş-yavaş özünü büruzə verir.

Nail Qarayev- hüquqşünas: “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun mailiyyələşdirilməsinə qarşı mübarizə aparılmasında qeyd edilən məsələlər Azərbaycan Respublikasının qanununun müvafiq müddəaları ilə tənzimlənir və dövlət qurumları qeyd etdiyimiz məsələlərlə bağlı ciddi mübarizə tədbirləri görürlər. "TikTok" platformasına gəldikdə isə, ümumiyyətlə, Azərbaycan Respublikası ərazisində hansısa bir sahibkarlıq fəaliyyəti ilə məşğul olan, gəlir əldə edən hər bir vətəndaş, fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq, əldə etdiyi gəlirə görə vergilər haqqında qanunun müddəalarında qeyd edilən qaydada gəlir vergisi ödəməldir, əks təqdirdə bu, məsuliyyət daşıyır və bununla bağlı müvafiq tədbirlər görülür”.

Ölkədəki bəzi "TikTok"erlərin hazırkı vəziyyətdə qanunla birgə hərəkət etdikləri naməlumdur. Qeyd edilən fenomenlərin hesabları xarici ölkədən olduğu üçün yerli orqanlar bu məsələ ilə bağlı tədbir görməkdə çətinlik çəkirlər.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “"TikTok"da tanınan hər hansı bir xarici fenomenlə əvvəlcədən əlbir olur, ona müxtəlif "TikTok" sosial şəbəkəsinin hədiyyələrini yönləndirərək daha sonra həmin vəsaiti nağdlaşdırırlar və beləliklə artıq kibercinayətkarlığın izini itirmək məqsədilə istifadə etdiyi bir növ olub "TikTok" son zamanlar. Lakin buna baxmayaraq, DİN orqanları tərəfindən vətəndaşların bank kartlarının onlayn yolla ələ keçirilməsinin qarşısının alınması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Təəssüf ki, insanlarda məhz belə mövzulara daha çox maraq olur. Bu platformada çox faydalı məlumatlar, maarifləndirici videomateriallar paylaşılsa da, canlı yayımlarda havada uçan nalayiq ifadələr, təhqirlər, qeyri-etik davranışlar və görüntülər daha çox izlənilir.

Pərvin Abbaszadə