• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 17.02.2024 15:32

Azərbaycan Prezidentinin Almaniyanın Kansleri və Ermənistanın Baş naziri ilə görüşü olub

KepezTV Player

Münxendə qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şolts ilə görüşü olub. Görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb. Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə öz dəstəyini göstərməyə və xoşməramlı əsasda Almaniyada bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. Olaf Şolts qeyd edib ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır.

Sonra Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan  Prezidenti İlham Əliyevin Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdə Olaf Şolts Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin  Nikol Paşinyan ilə ikitərəfli görüşü də olub. Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.

Bu gün həmçinin, Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin görüşü də olub. Dövlətimizin başçısı ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğulayıb, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd edib və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirib. Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir. Antoni Blinken indiki zaman kəsiyinin Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacib olduğunu diqqətə çatdırıb.
ABŞ-ın Dövlət katibi Antoni Blinken: Bu tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir. 
Azərbaycan Prezidenti İlham Əliyev: Cənab Dövlət katibi qeyd etdiyi kimi, gündəliyimizdə daha bir məsələ var və bu da Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm.

 Prezident İlham Əliyev ilə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin də görüşü olub. Con Kerri yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirib. Prezident İlham Əliyev Con Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.

 Azərbaycan Prezidenti həmçinin İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzani ilə görüşüb. Regionla Azərbaycan arasında iqtisadi-ticari, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində məsələlər nəzərdən keçirilib.

Bu gün Prezident İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü də keçirilib. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olunub. Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev ilə Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və nəzarət üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin görüşü də olub. Tezliklə ölkəmizə səfər etmək niyyətində olduğunu bildirən Şevçoviç COP29-un Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan COP29-da qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini əsirgəməyəcək.

 Dövlətimizin başçısı Münxendə qarşı tərəfin müraciətinə əsasən Banqladeş Xalq Respublikasının Baş naziri Şeyx Hasina ilə də görüş keçirib. Azərbaycan Prezidenti COP29-da iştirak etmək üçün Baş naziri ölkəmizə səfərə dəvət edib.

Münxendə Azərbaycan Prezidenti ilə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin görüşü də olub.