Bu gün daşaltı əməliyyatından 32 il ötür. Bu plandan tam 28 il sonra, yəni Vətən müharibəsində Şuşa yaxınlığında yerləşən sözügedən ərazi düşmənin əsarətindən xilas edilib. Həm 90-ci illərdə, həm də İkinci Qarabağ savaşında bu kənd uğrunda gedən döyüşlərdə gəncəli hərbçilər də iştirak ediblər.
Torpaqlarımızı erməni qəsbkarlarından azad etmək üçün hazırlanan və tarixə Daşaltı əməliyyatı kimi düşən döyüş tapşırığı üçün Şıxov taborundan 200 nəfər ayrılıb. 1992-ci il yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı tağımın Nəbilər kəndi vasitəsilə keçərək, Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub. Azərbaycan Ordusu əməliyyatda 100-ə yaxın itki verib.
Vüqar Hüseynov- Daşaltı əməliyyatının iştirakçısı: “Daşaltı əməliyyatı, yanvarın 25-i axşam əməliyyat başlayıb. 26-sı bizi köməyə aparıblar. Saat 9-10 arası əmr verildi, getdik. Salatın kənd deyilən bir yer var, oradan bizə hansı istiqamət deyildisə yardım eliyib, yoldaşlarımızı mühasirədən çıxarmağa getdik. O vaxt xatırlayıram, bir döyüşçümüz olub, Salman adında. Salmanı hansı vəziyyətdə oradan çıxarmağım ən acı və ən xoş xatirəm olub. Ən azından bir insanın həyatını xilas etdim”.
2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib. Bununla da 28 ildən sonra "Daşaltı əməliyyatı"nın qisası alınıb. Daşaltıda döyüşən bölmələrin tərkibində Rəşad Həsənov da olub. O, keçmişdəki uğursuzluğu qalibiyyətlə əvəzlədikləri üçün qürurludur.
Rəşad Həsənov- Vətən müharibəsi iştirakçısı: “Topxanadan Daşaltıya girəndə iki qayanın arası var. Daşaltı əməliyyatında iştirak edənlər oranı bilir. Biz oranı keçəndə bizi mina ilə atəşə tutmuşdular. Biz oranı çox çətinliklə keçdik. Çayın içində maneələr varıydı, sürpriz minalar düzmüşdülər. Oranı bizim keçməyimiz qürurverici bir hiss idi. Yəni Daşaltı əməliyyatı əvvəllər uğursuz olsa da, bu əməliyyatı biz uğurlu etdik. Oranı azad etdik, gedib Şuşanı da azad etdik”.
Daşaltı kəndi gec də olsa yağıdan təmizləndi. İndi o yerlərə gedənlər azadlığına qovuşan kəndi tarixdə uğursuz əməliyyat keçirilən yer kimi yox, şanlı zəfərimizə gedən yolda ən çox bəhs edilən, igidlərimizin qəhrəmanlıq göstərdiyi ərazi olaraq xatırlayır.
Orxan Cəfərzadə
- Baxış: 110