• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 780
— 25.01.2024 19:30

Xarici siyasətdə qəbul etdiyimiz qərarlar hədər yerə deyil

KepezTV Player

Son illər uğurlu xarici siyasət yürütməklə təqdirəlayiq işlər görən Azərbaycan bu dəfə də özü bildiyi kimi hərəkət etməklə ölkəmizi heç bir qurum və təşkilatın təhdid və şantaj edə bilməyəcəyini açıq-aydın bəyan etdi. Ən əsas da nümayəndələrimiz AŞPA yaranandan bu yana təşkilatda nə vaxtsa indiki kimi irqçilik və Azərbaycanfobiyaya yol verilmədiyi, belə hallar yaşandığı üçün ölkəmizin qurumda təmsilçiliyinin dayandırılmasını qərara alıblar. Bütün tribunalarda insan hüquqlarından dəm vuran, ədalətdən danışan ölkələr bu gün nəyə görəsə də bizə əks mövqedə dayanırlar. İlk növbədə hər kəs yaxşı başa düşür ki, bu, Azərbaycanın torpaqlarını azad edərək suverenliyini bərpa etməsiylə bağlıdır. Ancaq məsələnin görünməyən tərəfləri var. Əslində anti-Azərbaycan siyasəti ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, böyük layihələrə ev sahibliyi etməsiylə də böyük mənada bağlıdır.

Tural İsmayılov- siyasi şərhçi: “Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsi AŞPA-da Almaniya və Fransadan bəzi dairələr daxil olmaqla bir çox qurumları ciddi formada narahat edir. Və Avropa təşkilatlarındakı siyasətçilər həzm edə bilmirlər ki, Azərbaycan dünya üçün və bütövlükdə Yer kürəsi üçün çox vacib əhəmiyyətə malik olan COP29 kimi nüfuzlu bir təşkilata ev sahibliyi etsin. Eyni zamanda, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyinin davam etməsi, Azərbaycanın istər İslam Əməkdaşlıq Təşkilatında, istərsə də, Türk Dövlətləri Təşkilatında ən vacib aktorlardan biri halına gəlməsi AŞPA, Avropa Parlamenti və həmçinin Avropa İttifaqındakı bir sıra siyasətçiləri ciddi formada narahat edir”.

Politoloqlar bildirirlər ki, AŞPA-nın belə qərar qəbul etməsi özünə ziyan verə bilər. Çünki təşkilat təməl müddəalarından uzaq davranır.

Tural İsmayılov- siyasi şərhçi: “AŞPA-nın ölkəmiz əleyhinə atdığı addımlar təşkilatın özünə ciddi ziyan vurur. Çünki nəzərə almaq lazımdır ki, AŞPA-nın təməl müddəalarından biri fikir plüralizmidir. Amma biz görürük ki, bu gün AŞPA-da ənənəvi qərb təşkilatları kimi fikir plüralizmindən deyil, onların əmrləri və direktivlərini yerinə yetirən ölkələrlə əməkdaşlıq etməyə çalışırlar. Və Azərbaycan müstəqil oyunçu olduğu üçün AŞPA da daxil olmaqla bir çox qərb təşkilatları bu reallığı və faktı görmək istəmirlər”.

Azərbaycanın təşkilatda iştirakını dayandırması qərb tərəfindən ölkəmizi geri addım atmağı qəbul etmək kimi düşünülsə də, Azərbaycan dövlət maraqlarına uyğun siyasət həyata keçirir.

Elşad Həsənov- siyasi şərhçi: “AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnamə birbaşa ermənilərin mənafeyinə xidmət edir. Bu qərarın qəbul edilməsi gözləniləniydi. Azərbaycan heç kimin dediyiylə oturub-duran dövlət deyil. Bizim özümüzün müstəqil siyasətimiz var. Azərbaycan dövlət maraqlarından, xalqın maraqlarından çıxış edərək biz öz siyasətimizi qururuq”.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qərarına rəsmi Bakı adekvat cavab vermək niyyətindədir. Azərbaycan özünə qarşı bu haqsız və qərəzli münasibətlə barışmaq fikrində deyil. Hazırda yalnız AŞPA yox, ümumilikdə Avropa Şurasından çıxma proseduru da rəsmi Bakı tərəfindən araşdırılır. Eyni zamanda, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan da imtina edə bilər.

Orxan Cəfərzadə