Pakistan İranın hücumuna cavab olaraq bu ölkəyə raket zərbələri endirib. Bildirilib ki, hücum zamanı həmsərhəd Sistan və Bəlucistan ostanında terrorçuların sığınacaqları hədəf alınıb. Xarici İşlər Nazirliyi kəşfiyyata əsaslanan əməliyyat zamanı çox saylı terrorçunun öldürüldüyünü təsdiqləyib. İran mediası isə Saravan şəhəri ətrafında bir neçə partlayış səsinin eşidildiyini, üçü qadın və dördü uşaq olmaqla 7 nəfərin öldürüldüyünü bildirib. İran yanvarın 16-da Pakistana həyata keçirdiyi hücumun hədəfində üsyançı qruplaşma olduğunu açıqlasa da, qarşı tərəfdə dinc sakinlər həlak olub. Hücumun ardından Rəsmi İslamabad İran səfirinin ölkəyə qayıtmasına qadağa qoyub, öz nümayəndəsini isə geri çağırıb. Bundan başqa ölkə əvvəlcədən rəsmi Tehrana hücumun ciddi nəticələri barədə xəbərdar edib. Hər iki ölkə uzun müddətdir bir-birini sərhəd bölgələrində hücumlar həyata keçirən silahlı qruplara sığınacaq verməkdə ittiham edirlər.
- Baxış: 71