• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2168
— 16.01.2024 20:10

Almanlara aid edildiyi ehtimal olunan orden

KepezTV Player

Göygöldə aşkarlanan zirzəmidə ötən ildən bərpa-təmizlik işləri həyata keçirilir. Bu zaman ərazidə almanlara məxsus əşyalar tapılıb. Bunların içərisində ən maraqlısı bir müddət öncə aşkarlanan xaç formasında ordenin hissəsi olub.

Raul Abbaszadə- bələdçi: “Zirzəmilərdə bərpa işləri görülən zaman, təbii havalandırma yolları açılanda ustalar tərəfindən burada dəmir xaç ordeni tapılıb. Ölçüləri və görünüşü təxminən 1813-1945-ci illərdə dünya müharibələrində Almaniyada verilən ordenlərə çox bənzəyir. Buradan tapılan alman irs nümunələri aidiyyatı qurumlara təhvil veriləcək və onlar tərəfindən də araşdırmalar gedəcək”.

Döyüşlər zamanı Almaniya ordusunda xidmətdə fərqlənməyə görə əsgər və zabitlərə mükafat kimi verilməsi güman edilən bu orden, 19-cu əsrin əvvəlində təsis edilib. Bu da onu deməyə əsas verir ki, tapıntı o zaman Yelenendorf adlandırılan Göygölə köçürülən ilk alman sakinlərinə aid ola bilər.

Vüsalə Kərimova- GDU-nun alman dili kafedrasının əməkdaşı: “Məndə olan məlumata görə, 10 mart 1813-cü ildə Prussiya kralı 3-cü Fridrix Vilhelm tərəfindən Almaniyanın Napoleondan azad edilməsi şərəfinə təsis edilib. 1870-ci ildə Fransa və Almaniya arasında yaşanan müharibədən sonra və 1 və 2-ci ümumdünya müharibəsi illərində alman zabit və əsgərlərinə bu mükafat fərqlənmə kimi təltif olunmuşdur”.

Sonuncu dəfə bu orden 31 dekabr 1946-cı ildə verilib. Anbardan ordenlə yanaşı şərab butulkaları, çənlərin hissələri və ən maraqlı isə Almaniyanın Eyzenah kərpic zavodunda 1913-1920-ci illərdə istehsal olunan dam örtüyü üçün kirəmitlər tapılıb. Zirzəmidə bərpa işləri yekunlaşdıqdan sonra burada kiçik bir şərab dequstasiya muzeyinin yaradılması nəzərdə tutulur. Məqsəd, 1380 kv metr ərazini əhatə edən, 7 otaqdan ibarət olduğu ehtimal olunan zirzəmi və alman mədəni irsi haqda ziyarətçilərə ətraflı, eləcə də dəqiq məlumat verməkdir.

Orxan Cəfərzadə