• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 13.01.2024 19:09

Şəhərin artan tıxac mənzərəsi, sıralanan maşınlar

KepezTV Player

Yeni avtomobillərin sayının artması, dar yollar, yolların səhv planlaşdırılması, bir çox sürücülərin yol hərəkəti qaydalarını lazımınca bilməməsi, avtomobillərin nəzərdə tutulmayan yerlərdə saxlanılması və digər səbəblər tıxacın əmələ gəlməsini şərtləndirir. Burada ətraf rayonlardan şəhərə gələn sürücülərin yolu yaxşı tanımaması da tıxaca səbəb olan amillərdəndir.

Sərvan Nəsirov- sürücü: “Birincisi, bu rayonlardan gələn maşınların çoxusudur, gəlib burda taksi sürürlər. Ən çox səbəb budur. Heç kim heç kimə yol vermək istəmir, heç kim heç kimə hörmət etmək istəmir. Çox yerləri təmir edirlər, hələ ki, yaxşıdır. Bu ara küçələrdir bərbad günündə”.

İlqar Sarıyev- sürücü: “Maşının sıxlığıyla əlaqədardır tıxacın yaranması. Sürücülər demək olar ki, 30 faizinin sürücü mədəniyyəti yoxdur. Bir-birinə hörmət yoxdur. İş yerindən evlərinin arası uzağı 3 dayanacaqdır, maşınla gedirlər. Onu piyada da getmək olar. Bir sürücü kimi onu deyə bilərəm ki, yolların bərbad olmasıyla əlaqədardır”.

Sürücülər tıxacların yaranmasının səbəblərindən biri kimi parklanma qaydalarına riayət olunmaması və sürücü mədəniyyətinin az olmasını qeyd edirlər. Harda gəldi və necə gəldi saxlanılan maşınlar hərəkəti çətinləşdirməklə, yollarda sıxlıq əmələ gətirir.

Mikayıl Fərruxzadə- sürücü: “Maşınların qanunsuz parklanmasdır ilk növbədə, ikinci növbədə yollarımız istənilən səviyyədə geniş deyil. Belə deyim, hamıya şamil olunmur, amma düzdür, bir-birlərini başa düşməyən sürücülərimizin sayı çoxdur”.

Saleh Cəfərov- sürücü: “Parklanma yerlərinin az olmasıdır, xüsusilə də bu küçədə. Görürsünüz məhkəməyə gedəsiyəm, burda dayanmışam. Parklanma yerləri yoxdur, maşınların bəzisi də tərs saxlayırlar, artıq keçmək mümkün olmur. Yollarımızın da yaxşı olmaması, eləcə də sürücülərin də mədəniyyətinin aşağı olması müəyyən qədər təsir edir”.

Arif Əliyev- sürücü: “Dayanacaqlarda olan avtobuslarımız qanuni dayanacaqlarda durmur, işıqforlarımızın qabağında ağaclardır, görünmür, bir də ki, sürücülərimizin çoxu qanuna riayət etmir, qanunla sürmürlər. Yollarımız bərbad haldadır, bir çox avtobuslarımız da əks gəlirlər. Problemin həlli odur ki, sürücülərimiz qanuna riayət etsə, yollarımız düzəlsə, hər bir şey yerbəyer olar”.

Hüseyn Abbaszadə- sürücü: “Tıxac ən çox sürücülərə görə yaranır. Çünki sürücülər bir-birlərinə yol vermirlər. Bir az anlaşılmazlıq olur deyə, şəhərdə tıxac çoxalır. Maşın da çoxdur şəhərdə. Bir az da yolun bu nasazlığına görə tıxac həddən artıq çoxdur”.

Müşahidələr onu göstərir ki, yollarda avtomobillərin sıxlığı əasən günün müəyyən saatlarında yaşanır. Səhərlər işə gedərkən, günorta, yəni nahar vaxtı və axşam, iş vaxtı bitdikdən sonra.

Doğrudur, obyektiv amillər də bu problemin yaranmasını şərtləndirir. Gəncədə parklama üçün xüsusi yerlərin demək olar ki, olmaması, yolların ensizliyi, uzun müddətdir şəhərdə icra edilən su-kanalizasiya layihələrinin küçələrdə yaratdığı çətinliklər, yeraltı keçidlərdən istifadə təfəkkürü burada az rol oynamır. Bütün sadalananlar isə tıxac problemini hələ ki, həll etməyə imkan vermir. 

Eşqin Qasımov- DİN-in mətbuat xidmətinin əməkdaşı: “Araşdırmalar zamanı ilk növbədə görürük ki, sürücülərimiz qanunla müəyyən edilməmiş yerdə avtomobil saxlayaraq, dayanma-durma qaydalarını pozurlar və bu zaman nəqliyyatın hərəkətində sıxlıq yaranır. Araşdırmalar zamanı sürücülərin şəhər ərazisində hərəkət sürətinin düzgün seçilməməsi, piyadaların qanunla müəyyən edilməmiş ərazidə, yolu qarşıdan-qarşıya keçməsi və digər amillər şəhər ərazisində tıxacların yaranmasına səbəb gətirir”.

Tıxacın aradan qaldırılması bütün yol-hərəkət iştirakçılarının xeyrinə olan hal sayıldığı kimi, bu işlə məşğul olan səlahiyyətlilərin də problemi aradan qaldırmasına istiqamətlənmiş fəaliyyətinə əsas yaradır. Yəni maraqlı olan hər kəs məsuliyyətini hiss edərək, çətinliyin aradan qaldırılması üçün çalışmalıdır.  

Pərvin Abbaszadə