• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 24.12.2023 19:56

“Ağdam” qovşaq yarımstansiyasının açılışı olub

KepezTV Player

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər. Dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Ağdam” qovşaq yarımstansiyasının açılışında iştirak edib. Prezident rayonun bəzi kəndləri ilə yanaşı, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerji sisteminə qoşmaqla bərabər, ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edən qovşaq yarımstansiyasını işə salıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində də iştirak ediblər. Burada tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq.

Ağdamda dördüncü yaşayış kompleksində inşa olunacaq yaşayış binalarında isə ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080 mənzil nəzərdə tutulur. Dövlətimizin başçısı yaşayış kompleksinin təməlini qoyub.

Prezident və birinci xanım “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə də tanış olublar. Kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək. Ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək.

Ağdam şəhər Mərkəzi parkının da təməli qoyulub. 5 hektar ərazini əhatə edəcək parkın layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Dövlətimizin başçısı və birinci xanım Mərkəzi parkın ərazisində ağac əkiblər.

Azərbaycan Prezidenti həmçinin Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanış olub. Daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Tikinti işləri 2026-cı ildə başa çatdırılacaq.

Bu gün Prezident İlham Əliyev Qiyaslı kəndinin də təməlini qoyub. Kəndin ümumi ərazisi 400 hektara yaxındır, burada 4972 nəfərin məskunlaşması planlaşdırılıb.

Dövlət başçısı və birinci xanım Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin uzunluğu 940 metr təşkil edir. Prezident su anbarını işə salıb.

Bundan başqa, bu gün Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməli qoyulub. Ümumi ərazisi 178 hektara yaxın kənddə 1376 nəfərin məskunlaşması nəzərdə tutulub.

Bərdə-Ağdam avtomobil yolu da istifadəyə verilib. Başlanğıcını Bərdə şəhərindən götürən yolun uzunluğu 44,5 kilometrdir.

Prezident İlham Əliyev Ağdamın Baş Qərvənd kəndinin təməlqoyma mərasimində də iştirak edib. Kəndin ümumi ərazisi 476 hektardır. Burada 1495 fərdi evin tikilməsi nəzərdə tutulub.

Vüsalə Cənnətova