Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazılır Prezident İlham Əliyevin şanlı idarəçilik dövrü. Gələcəyə hesablanmış siyasətilə ölkənin immun sistemini möhkəmləndirən, Cənubi Qafqazdakı hazırkı tarixi prosesin ssenari müəllifi olan liderin strateji addımlarının bəhrəsi bu gün həyatımızın hər bir sahəsində aydın hiss olunur. Müdrik, inkişaf meyillərini görən strateqin hədəfi dəqiq nişan alma bacarığını Vətən müharibəsi və ondan sonrakı 3 il əyani surətdə göstərdi. Prezident İlham Əliyev ali kürsüyə çıxdığı ilk gündən Azərbaycanı qüdrətli dövlətə çevirəcəyini bəyat etdi və verdiyi vədə əməl etdi. Xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirən, ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinə nail olan, müasir Azərbaycanın intensiv tərəqqisini təmin edən faktor, məhz İlham Əliyev şəxsiyyətidir. Xalqın öz Liderinə inamı, Liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edir. Bu, bir siyasət adamının böyüklüyünün əsas göstəricisidir. Milli iqtisadiyyatın şaxələndirilməsi, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması, Azərbaycanın dünya miqyasında müsbət imicinin formalaşması Prezident İlham Əliyevin milli maraqlara əsaslanan idarəçiliyinin fövqündə dayanır. Xarizmatik liderlik və yüksək idarəçilik məharəti ilə fərqlənən ölkə Prezidentinin müasir siyasət strategiyası Azərbaycanın qarşısında yeni üfüqlər açıb. Beynəlxalq arenada tərəfdaşların sayı getdikcə çoxalır, qlobal enerji və logistika təşəbbüslərinin icraçısı, regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir. Sözsüz ki, Vətən müharibəsində əldə edilən Qələbə həm də son 20 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. Dövlət başçısının Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışması üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda dalğalanmasına səbəb oldu. Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Bunun nəticəsində yaranan yeni reallıqlar Azərbaycanın bir daha regionda prosesləri diktə edən tərəf olduğunu, sülh və sabitliyin əsas təminatçısının isə məhz İlham Əliyev olduğunu göstərdi. Bu, qurucu lider olan İlham Əliyevin işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlığında da özünü biruzə verir. Ulu Öndərin siyasi varisi olan İlham Əliyevin 62 illik həyat səlnaməsinin 20 ili prezident kimi fəaliyyət dövrü ilə bağlıdır. Xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək kimi təməl prinsiplərə əsaslanır onun idarəçilik kredosu. Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar, müstəqilliyi və tamlığı məhz bu gün 62 yaşı tamam olan İlham Əliyev siyasətinin təntənəsidir.
Fərid Mehdiyev
- Baxış: 148