• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 15.12.2023 19:42

COP29-un Azərbaycanda təşkili ilə bağlı müşavirə

KepezTV Player

COP29-da 10 minlərlə xarici nümayəndə Azərbaycana gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Azərbaycan bu günə qədər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilən tədbirlərlə müqayisəyə gəlmir. Bu barədə Prezident İlham Əliyev COP29-un gələn il Azərbaycanda təşkili ilə əlaqədar keçirilən müşavirədə deyib. Dövlət başçısı bildirib ki, müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.

İlham Əliyev- Azərbaycan Prezidenti: “Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək. Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik”.

İlham Əliyev konfransın Bakıda keçirilməsiylə bağlı ölkələrin Azərbaycana göstərdiyi dəstəyə də toxunub. Qeyd edib ki, Qoşulmama Hərəkatına sədrliyimizi 120 ölkə dəstəkləmişdisə COP29-da bütün dünya ölkələri bu dəstəyi göstərib.

İlham Əliyev- Azərbaycan Prezidenti: “Bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir”.

Prezident antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələrinin Azərbaycana qarşı irəli sürdüyü əsassız ittihamlardan da danışıb. Bildirib ki, Azərbaycan bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etsə də bəzi Qərb ölkələri, xüsusilə Fransa bununla barışmaq istəmir.

İlham Əliyev- Azərbaycan Prezidenti: “Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar”.

İlham Əliyev Azərbaycanın müstəqil siyasətinin, prinsipial mövqeyinin, beynəlxalq hüquqa bağlılığının və eyni zamanda, suverenliyin bərpasının ölkəyə olan hörməti daha da artırdığını vurğulayıb. COP29 beynəlxalq konfransının Azərbaycanda keçirilməsi qərarının antiterror tədbirlərindən iki ay yarım sonra qəbul olunmasıyla bir daha bütün dünya ictimaiyyəti Azərbaycana dəstəyini nümayiş etdirib.  

Azad Mustafayev