İşğaldan sonrakı dövrdə Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasının sayı 138 nəfər olub, özü də onların fəaliyyəti müəyyən müddət üçün nəzərdə tutulurdu. İndi isə qurum tərəfindən verilən qərara əsasən üzvlərin sayının çoxaldılaraq 209 nəfər çatdırılması, həm də müddətsiz olması planlaşdırılır. Halbuki bu, gərəksiz addımdır. Çünki onsuz da fəaliyyəti sual doğuran, tərkibi fransız, alman, hətta kanadalı hüquq mühafizə orqanlarının əməkdaşlarından ibarət olan missiyanın görəcəyi işlər şübhə yaradır. Azərbaycan – Ermənistan sərhəddində heç bir münaqişə olmadığı halda monitorinq qrupunun say tərkibinin artırılması başqa istiqamətə hesablanıb.
Tural İsmayılov- siyasi şərhçi: “Bu mülki müşahidə missiyasının sayını artırmaqla Ermənistan, təkcə Azərbaycana qarşı təxribata əl atmır, həm də eyni zamanda Ermənitan ərazilərini Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti aparmaq üçün qərb cəsus şəbəkələrinə plastarm kimi təqdim edirlər. Və əlbəttə ki, bu gün hamıya bəllidir ki, Avropa İttifaqının mülki müşahidə missiyasının adı altında oradakı nümayəndələrin sayının artırılması həm də Rusiya və İrana qarşı Ermənistan ərazilərində daha güclü kəşfiyyat fəaliyyəti həyata keçirməyə xidmət edir. İstənilən halda bu gün Ermənistan ərazilərindən qərb ikinci bir “Maydan” ssenarisi həyata keçirməyə çalışır ki, bu da bütövlükdə bütün regionu təhdid edir”.
Avropa İttifaqının bu siyasəti təzəcə bir-birinə yaxınlaşmaq istəyən Azərbaycanla Ermənistan arasında yenidən soyuqluq yarada bilər. Guya erməniləri təhlükələrdən qorumaq istəyən qərb regionda yerini möhkəmləndirməklə sülhün gecikməsinə səbəb də ola bilər.
Elşad Həsənov- siyasi şərhçi: “Bu gün Azərbaycan Ermənistan sərhəddində heç bir münaqişə baş vermir. Ancaq Avropa İttifaqı missiyanın üzvlərinin sayını artırır. Ermənistana qarşı olan təhdidlərin qarşısının alınması üçün. Bu nə deməkdir? Ermənistana Azərbaycan tərəfdən heç bir təhdid yoxdur. Yəni təhdid Rusiya tərəfdən ola bilər və o 209 nəfər heç nə edə bilməz. Sadəcə olaraq Fransa bu situasiyadan istifadə edərək, orada öz adamlarının sayını artırır. Həmin missiyanın artırılması sülhə xidmət etmir, əksinə sülh prosesinin uzanmasına gətirib çıxaracaq”.
Regionda vəziyyəti gərgin saxlamağa çalışan qüvvələr özbaşına addım ataraq nəyəsə nail olmağa çalışacaqlarını düşünürlər. Amma bütün bunlara baxmayaraq İrəvan artıq yaxşı başa düşür ki, barış ən doğru seçimdir və erməni rəsmilərin əksəriyyəti də sülh tərəfdarı olduqlarını elan edirlər. Qısacası qərbin bu hərəkəti könül bulandırsa da, hər iki ölkə arasında sülh müqaviləsi tez, ya da gec bağlanmalıdır.
Orxan Cəfərzadə
- Baxış: 208