Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Gəncəyə və gəncəlilərə xüsusi diqqət və qayğı ilə yanaşıb. Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra ilk səfər etdiyi şəhər məhz Gəncə olub. Şəhərin hərtərəfli inkişafına xüsusi diqqətlə yanaşıb, dahi rəhbər. Təbii ki, elm və təhsil sahəsi də bu baxımdan kənarda qalmayıb.
Fuad Əliyev- AMEA Gəncə Bölməsinin sədri: “Gəncə - (Kirovabad) Elm Mərkəzinin, Azərbaycan Texnologiya Universitetinin yaranması, Gəncə şəhərində müxtəlif peşə məktəblərinin açılması, orta məktəblərinin sayının sürətlə artması, onların texniki təchizatının artması bütün bunların hamısı ulu öndərin yadından çıxmırdı. Hər dəfə o gələndə, görülən işlər haqqında məlumat toplamağı da xoşlayırdı. Ulu öndərimiz Azərbaycanın qədim şəhəri olan Gəncənin milli-mənəvi dəyərlərini çox yaxşı bilir və xatırlayırdı. Ona görə də ulu öndər Gəncəmizin böyük mütəfəkkirlərinin yaradıcılığı və onların bütün dünyaya tanınması haqqında sərəncamlar və qərarlar vermişdi”.
Ümummilli Lider Gəncənin mədəni mühitinə də yaxından bələd olan, burada yaşayan və yaradan kəslərin yerini və rolunu yaxşı bilirdi. Ona görə də qədim şəhərin mədəniyyətinə, incəsənətinə xüsusi diqqətlə yanaşırdı. Gəncənin mədəniyyət işçiləri böyük şəxsiyyətin qayğısını hər zaman hiss edirdilər.
Şahnaz Haşımova- Xalq artisti: “Hər zaman o Gəncəyə gələndə, birinci mənimlə görüşürdü, sonra isə başqaları ilə görüşürdü. Bu, tarixi faktdır və bunu hamı bilir. Onun sənətkarlara çox böyük diqqəti var idi. Mən, 16 il hər il prezident mükafatına layiq görülmüşəm. Bizim Göygöl Mahnı və Rəqs Ansanblının dövlət statusu alması da onun əmri ilə olub”.
Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə bütün sahələrdə olduğu kimi gənclər və idmana da diqqətin artdığı danılmazdır. Gənclərin həm də idmanla məşğul olması, vətənpərvər və güclü olmasına xüsusilə fikir verildi.
Şahmuraz Qasımov- Əməkdar idman ustası: “Müstəqillik illərindən sonra Gəncə şəhərində ilk kişilər arasında dünya və Avropa çempionu medalını mən gətirmişəm. 1997-ci ildə dünya çempionu olanda ulu öndərin tapşırığı ilə Gəncə şəhərinin mərkəzində mənə “VAZ-07” markalı avtomobil hədiyyə olundu. Bakı şəhərində ilk Olimpiya Kompleksi tikiləndən sonra Gəncə şəhərində tikildi və onun açılışında mən ulu öndərin qarşısında çıxış etmişəm. Sonra da axıra kimi yanında durmuşam. 1997-ci ildə Gənclər forumunda ilk dəfə Gəncəbasardan ulu öndərin qarşısında çıxış etmişəm. Çıxışımı yüksək səviyyədə qarşıladı və hətta durdu, özü əl çaldı”.
İndi Ulu öndərin siyasəti müzəffər Ali baş komandan tərəfindən uğurla icra edilir. Müstəqil, azad, demokratik, inkişaf edən Azərbaycan indi həm də bütövdür, tamdır.
Elnur Vahidoğlu
- Baxış: 222