• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 09.12.2023 20:00

Növbədənkənar prezident seçkiləri yeni dönəmin başlanğıcıdır

KepezTV Player

Bu seçkilərin keçirilməsini şərtləndirən bir sıra ciddi amillər mövcuddur. Bunların qlobal geosiyasi proseslər, eyni zamanda gələn il dünyanın super güc dövlətləri - ABŞ və Rusiyada da prezident seçkilərini nümunə göstərmək olar. Növbədənkənar seçkilərin keçirilməsində ən vacib məqam isə Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. Bütün bunlar ölkəmizin yeni mərhələyə, yeni modelə keçidini şərtləndirir ki, buna görə də seçkilərə gedildiyi qənaətinə gəlmək mümkündür.

Tofiq Abbasov- siyasi şərhçi: “Növbədənkənar prezident seçkilərinin zərurəti prezident İlham Əliyevin geniş islahatlar proqramını həyata keçirməsi ilə əlaqəlidir. Çünki zaman ötdükcə yeni çağırışlar, yeni risklər, yeni problemlər və məsələlər gündəmə gəlir və əgər prezident belə qərara gəlib ki, iki ildən tez prosesi həyata keçirsin, deməli, artıq yeni dönəm üçün, dövlət başçısının özünün və Azərbaycan siyasi sisteminin yeni baxışları və yeni modeli var”.

Bununla yanaşı, növbədənkənar prezident seçkiləri müstəqillik dövründə bir ilk kimi tarixə düşəcək. Çünki seçkilər Azərbaycanın 86,6 min km2 lik bütün ərazisini, yəni işğaldan azad olunan torpaqları da əhatə edəcək, hətta vətəndaşlığı olan ermənilərin də seçkilərdə iştirakına şərait yaradılacaq. Bu da bütün ölkə vətəndaşlarının eyni hüququ malik olduğunun göstəricisidir. Yeganə Hacıyeva- siyasi şərhçi: “Azərbaycan müstəqilliyinin təmin olunmasından sonra ilk dəfədir ki, Azərbaycanın bütün ərazisi boyu məhz prezident seçiləri keçiriləcək. Və Qarabağ iqtisadi rayonunda da yaşayan etnik erməni vətəndaşlarımız da burada iştirak edəcək. Bu o deməkdir ki, ümumilikdə daha sonrakı mərhələlərdə bizə qarşı istifadə oluna biləcək hər hansı bir arqumentin olmaması üçün Azərbaycan növbədənkənar prezident seçilərinə getməlidir. Bu mərhələdə onların seçkilərdə iştirak etməməsi, konstitusiyada vətəndaşlar üçün nəzərdə tutduğu şərtlərin onlara şamil olmaması ilə bağlı spekuliyası aparırlar. Məhz elə növbədənkənar prezident seçkisi həm də Qarabağda keçirilməklə Azərbaycan vətəndaşlarının hamısının eyni səlahiyyətlərə, eyni haqq və hüquqlara malik olması ilə bağlı fəlsəfəsini elan edəcək”.

2024-cü ilin 7 fevralında keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycanın növbəti mərhələdə bölgədə dayanıqlı sülh, sabitlik, təhlükəsizlik və sıx əməkdaşlıq formatının yaradılması baxımdan da çox mühüm rol oynayacaq. Seçkilər seçiləcək ölkə rəhbərinə növbəti mərhələdə Azərbaycanın mövqeyini daha inamlı şəkildə ortaya qoyub, addımlar atmasına mandat vermiş olacaq.

 Orxan Cəfərzadə