Mövzunu araşdırmaq üçün yolumuzu məktəbdən saldıq. Gördüyümüz mənzərə isə həkimlərin həyəcan təbilinə haqq verirdi. Demək olr ki, bütün uşaqlar parta arxasında qamətlərini əyib oturublar. “Niyə belə oturubsunuz?” -sualını verdikdə isə cavablar fərqli oldu…
Zümrüd Əlizadə- şagird: “Çünki mən dərsimi yazanda həm xəttim səliqəli çıxsın, həm də dəftərimi rahat görmək istəyirəm, ona görə əyilib dururam. Yazı yazandan sonra dik duranda belim bir az ağrıyır”.
Əzizə Hüseynova- şagird: “Dəftərimi yaxşı görmək üçün elə dururam”.
Əli Rəhimli- şagird: “Onun üçün əyri otururam ki, tez-tez yaza bilim. Yoldaşlarımdan geri qalmayım. Düz oturanda isə həm gec yazıram, həm də xəttim səliqəsiz olur”.
Bu məsələdə ən böyük məsuliyyət isə əlbəttə ki, valideynlərin üzərinə düşür. Gündəlik həyatda uşaqların qamətlərini düz tutmalarını vərdişə çevirməkdə yardım etməlidirlər.
Rizvan Bayramov- valideyn: “Nəvəm 5- ci sinifdə oxuyur. Onun oturuşunda əyiləndə biz çalışırıq ki, ona deyək ki, çox əyilməsin. Belində problemlər yaranmasın. Çantası ağır olanda valideyn kimi onun belində problemlər yaranmasın”.
Mehriban Qasımova- valideyn: “Yəni bu, gündəlik bizim sözümüzdür ki, kitab oxuyanda düz otur, yazı yazanda düz otur. Bəzi materialları telefondan götürürlər. Onda da olur ki, kompüterin arxasında oturanda belə onlar düzgün oturmurlar. Nəzarət eləmək lazımdır”.
Həkimlər deyir ki, onurğa xəstəlikləri içərisində ən sıx rast gəlinəni skoliozdur. Onurğa sütununun frontal əyilməsi olan skolioz, əsasən, uşaqlarda erkən yaşlarda başlayır, məktəb dövründə isə bir qədər də inkişaf edir. Skolioz ən çox sürətli boyatma dövründə və məktəb yaşlı uşaqlarda müşahidə edilir. Bu, qızlarda 11-13, oğlanlarda isə 14-16 yaşı əhatə edir.
Cahandar İsmayılov- travmatoloq-ortoped: “Skoliozun səbəbkərı dedikdə - doğuş travması, əzələ distrofiyaları, müəyyən metobolik xəstəliklər və.s kimi vurğulaya bilərik. Valideynlər ilkin olaraq uşaqların duruşuna - çiyinlərinin hündürlüyünə, kürək sümüklərinin bərabər səviyyədə durmasına diqqətli olmalıdırlar. Uşaqlara geyim seçimində diqqətli olmalıdırlar. Uşqların məktəbli çantasından istifadə etməsinə nəzər yetirməlidirlər. İldə iki dəfə ortoped müayinəsində olmaq tövsiyə olunur. Erkən mərhələlərdə aşkar olunduqda, konservativ müalicədən yaxşı nəticələr əldə etmək olur. Daha gecikmiş hallarda əməliyyatla müalicə olunur”.
Odur ki, uşaqların əməliyyata girməməsi üçün zamanında duruşlarına diqqət edib, qamətli oturuşa sövq etməliyik. Əks təqdirdə daha böyük fəsadlara yol açıla bilər.
Aişə Rzayeva
- Baxış: 160