Təhsilalanların nailiyyətlərinin izlənilməsi, peşəkar təhsilverənlərin formalaşdırılması, şəffaf idarəetmənin tətbiqi və müasir təhsil infrastrukturunun yaradılması həmişə əsas hədəflərdən olub. Məktəblərdə müşahidə kameralarının quraşdırılması da bu istiqamətdə atılan addımlardan sayılır. Layihənin artıq Gəncə məktəblərində də reallaşdırılması nəzərdə tutulur.
Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı: “2023-2024-cü tədris ili ərzində Gəncə şəhərində İsmət Qayıbov adına 1 nömrəli, Cəfər Cabbarlı adına 6 nömrəli, Nizami Gəncəvi adına 11 nömrəli, Nizami Adil adına 18 nömrəli, Mir Cəlal Paşayev adına 39 və İmadəddin Nəsimi adına 44 nömrəli tam orta məktəblərdə layihə icra olunacaq. Bununla bağlı tədbirlər həyata keçirilmişdir. Güman edilir ki, dekabr ayının sonu, yanvar ayında artıq prosesə start veriləcəkdir. "Məktəbli dostu" layihəsinin məqsədi məktəblərdə sağlam mühitin formalaşdırılması, nəzarət mexanizminin gücləndirilməsi və fövqəladə hal baş verdiyi zaman, ilkin tibbi yardımın göstərilməsindən ibarətdir”.
Ümumtəhsil məktəbləri seçilərkən şagird sayının çoxluğu da nəzərə alınır. Layihəyə valideynlərin münasibəti müsbətdir.
Təhsil eksperti Kamran Əsədov deyir ki, təhsildə həm keyfiyyətin, həm də təhlükəsizliyin təmin olunması üçün kameraların quraşdırlması yaxşı haldır. Nizam-intizamın gözlənməsi üçün kameralar əvəzsiz vasitədir.
Kamran Əsədov- təhsil eksperti: Son illər ərzində məktəblərdə ciddi xoşagəlməz hadisələr vaş verir. Şagirdlərin xəsarət alması ilə nəticələnən hadisələri biz müşahidə edirik və bəzən narazılıq olur. Valideynlər bilmirlər günah kimdədir. Məhz bu tipli problemlərin aradan qaldırılması üçün kameralar vacibdir. Mütləq şəkildə bu olmalıdır və burada məqsəd təhlükəsiz təhsil mühitinin yaradılmasıdır. Bu kənar müdaxilələrin aradan qalxmasına xidmət edəcəkdir”.
Ekspertlər həmçinin qeyd edirlər ki, kameralar təkcə müəllim və şagirdlərin deyil, həm də valideynlərin məsuliyyətini artıracaq. Çünki dərs prosesini pozan uşaqlarını görən valideynlər övladları ilə ona uyğun məşğul olacaqlar. Kameraların bu tədris ili ərzində quraşdırılması planlaşdırılır.
Aişə Rzayeva
- Baxış: 232