"Azərbaycan sülh danışıqlarının ən qısa zamanda bərpasına sadiqdir. "Humanitar məsələlər"lə bağlı narahatlıqlar isə əsassızdır". Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında post-münaqişə dövründə mövcud vəziyyətdən də danışıb. Bildirib ki, Azərbaycan öz ərazilərində qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi.
Xarici işlər naziri Ceyhun Bayramov: Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı şifahi bəyanatlarına baxmayaraq, bu ölkənin öhdəliklərini açıq-aşkar pozaraq, Azərbaycan ərazilərində ağır və hücum tipli silahlarla təchiz edilmiş on minlik silahlı şəxsi heyəti saxlamaqda davam etməklə, əslində revanş üçün vaxt udmağa çalışdığı aydın oldu. Vəziyyətə son qoyulması isə Ermənistanın açıq etinasızlığı, habelə prosesin bir parçası olan vasitəçilərin adekvat addımlar atmaması səbəbindən sülh yolu ilə baş tutmadı. Bağlı qapılar arxasında Azərbaycanın narahatlıqlarının qəbul edilməsinə baxmayaraq, ictimai bəyanatlarda selektiv yanaşmaya üstünlük verildi. Bu da öz növbəsində, Ermənistanın yeni “təmas xətti” qurmaq, ərazilərimizdə yeni səngərlər qazmaq və minalar basdırmaq, qarayaxma kampaniyası vasitəsilə Azərbaycanı şantaj etməklə danışıqların imitasiyası strategiyasını davam etdirə biləcəyi illüziyasına qapılmasına gətirib çıxardı.
- Baxış: 201