82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun üzərində dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Ümumi uzunluğu 23.4 km olan tuneldə 14 km qazma işləri artıq tamamlanıb. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Bu yol Kəlbəcərin bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
Anar Nəcəfli - AAYDA-nın şöbə rəisi: "Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası icra olunur. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14.2, II dərəcəli yolun ümumi uzunluğu 34.8 km, III dərəcəli yolun ümumi uzunluğu isə 33 km təşkil edir".
- Baxış: 167