• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1070
— 29.11.2023 20:07

Fermerlərə dəyən zərərlə bağlı nə etməli?

KepezTV Player

Qərb bölgəsində müşahidə olunan küləkli hava Şəmkir rayonunun bir sıra kəndlərində tərəvəz bitkilərinin becərildiyi istixanalara ziyan vurub. İstixanaların üzərinə çəkilən sellofan ötrüklər yararsız hala düşüb və nəticədə dolanışığı əkin-bikinlə çıxan kəndlilərin məhsulları ciddi ziyan görüb.

Elşən Əmirxanov- fermer: “Dünənki küləklə bağlı qonşu parniklərdə, yəni zəif olan parniklərdə problemlər olub. Külək problemlər çıxarıb. Müəyyən fermalarda damları qırıb, fortoçkaları qırıb. Həm də qiymət bahalaşıb, sahibkar da aldığını, əkdiyini sata bilmir, bir tərəfdən də küləyin vurduğu ziyanlar, təbii fəlakətin vurduğu ziyanlar, o da gəlib belə fəsadlarla sahibkarlara güclü ziyan vurur”.

Ziyadxan Əmirxanov- fermer: “Dünənki külək nəticəsində təsərrüfatıma ziyan dəyib. Sellofanımı cırıb, məhsulumu külək batırdı. Olan ziyan da hamısı göz qabağındadır. 5 min ziyan dəyib, bəlkə də çoxdur. Olan ziyanları, məhsulları hesabladıqda 5 mindən çoxdur”.

Təbii hadisələr kənd təsərrüfatında risk faktorları sırasında öndə gedir. Ona görə də mütəxəssislər zərər çəkməmək üçün fermerlərə tövsiyə edirlər ki...

Fəqan Ağayev- ADAU-nun Bağçılıq kafedrasının müəllimi: “Bütün dünyada gedən iqlim dəyişikliyi Azərbaycandan da yan ötmür və dünən baş vermiş güclü külək nəticəsində bəzi istixanalara da ziyan dəymişdir. İlk olaraq istixananın ərazidə yerləşməsi xüsusi önəm daşıyır. Yəni burada ərazidə olan dominant üstünlük təşkil edən küləklərin istiqaməti müəyyən olunmalıdır. Bəzən sahibkarlarımız qənaət məqsədilə istixana qurulmasında, konstruksiyasında istifadə etdikləri materiallara qənaət edirlər, yəni onların hər birinin keyfiyyətli, yaxşı olar ki, qalvanizə olunmuş materiallardan istifadə olunsun”.

Eləcə də ziyanın qarşılanması da vacib olan amillərdəndir. Bu işdə sahibkarın imdadına sığorta çatır. Amma zərərin qarşılanması üçün öncə təsərrüfat sığortalanmalıdır. Lakin istixana təsərrüfatları sığorta təminatının predmeti sayılmır. 

Cəfər Cəfərov- aqrar sığorta üzrə ekspert: “Hazırda aqrar sığorta qanunvericiliyinə əsasən, istixanalarda yetişdirilmiş məhsullar sığorta təminatına götürülmür. Lakin dövlətin planında bu nəzərdə tutulub ki, gələn ildən etibarən həmin məhsullar da istixana yetişdiriciliyi - arıçılıq, quşçuluq sahəsi növbəti illərdə bunlar sığorta təminatına götürülsün. Fermerlərimizin daha maariflənməsi, eyni zamanda fermerlərimizin aqrar sığorta haqqında bilik və bacarıqlarının formalaşması gələcəkdə bu sığorta müqavilələrinin bağlanılmasında çox böyük addım ola bilər”.

Deyilənlərdən belə anlaşılır ki, fəsadlardan yan keçməyin yolu  məsuliyyətli davranmaqdır. Külək, qar, yağış və digər təbii hadisələrdən sığortalanmaq üçün planlaşdırılmış addımların atılması zərəri minimumlaşdıra bilər. 

rvin Abbaszadə