• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2038
— 28.11.2023 10:25

Gənc bərbər

Peşə seçimi gənclərin həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Çünki zamanla mütəxəssisi olacağımız sahə bizim gələcəyimizi şəkilləndirir. Bu gün də əksər gəncin maraq göstərdiyi bərbər peşəsi ilə tanış olmağa gəlmişik. Peşə-ixtisas təhsili müəssisələrində istənilən peşənin tədrisi bugünkü təhsilalanlar üçün gələcəkdə bəlkə də bütün istək və arzularına çatmağa açılan qapıdır. Peşə seçimində "bərbər" ixtisasının xüsusi yeri var. Bərbərlik qədimdən yaranmış və bu günümüzədək mükəmməl bir inkişaf yolu keçmişdir. Bu peşə inkişaf edib mükəmməlləşdikcə, ona qarşı istək də artmaqdadır.

Rəsul Xudiyev- bərbər: “Uşaqlıqdan bəri bu sənətə böyük marağım var idi. Bilirdim ki, yaxşı ustaların köməyi ilə də qabağa gedə biləcəm. Uşaq vaxtı saçımı kəsdirməyə gedəndən, məndə bu maraq yaranıb. Vaxt keçdikcə də öyrəndim”.

Bərbərin də hər bir peşədə olması lazım olduğu kimi, öz iş sahəsində də səlahiyyət və vəzifələri var. Bərbər peşəsini yerinə yetirərkən əməkdaşlıq etməli olduğu insanlar, xüsusən də onunla işləyənlər üçün bu səlahiyyətlərdən istifadə edə bilər. Saç kəsimi və üslubu kimi şəxsi qulluğa qarşı həssaslıq tələb edən bu peşədə təmizlik və gigiyena qaydaları başda olmaqla, bir çox detala diqqət yetirilməlidir. Bu məlumatdan da aydın olur ki, hər işin, sahənin öz asan və çətin tərəfləri var.

Rəsul Xudiyev- bərbər: “Bu sənət böyük və geniş sahələrdən biridir. Hər sənətdə olduğu kimi, bu işdə də asan və çətin tərəflər var. Çətin belə olur ki, gərək ki, müştəri ilə yaxın münasibətdə olasan. Onlar necə istəyirsə, çalışıb, yaxşı və səliqəli şəkildə etməliyik ki, təkrarən bizə müraciət etsinlər. Bəzən bizim etdiyimiz işi bəyənməyənlər də olub, ancaq çalışıb, səbirli olub, onun istədiyini etməyə çalışmışıq”.

Sözügedən peşənin xüsusiyyətlərinə nəzər salsaq görərik ki, usta yalnız saç kəsdirməyi və üslub etməyi bacarmamalıdır, yox. O müəyyən bir mövsümün moda meylləri haqqında bilikli olmalıdır. Həmçinin, müştərilərə də saç uzunluğu və saç düzümü seçimində kömək etməlidir.

Rəsul Xudiyev- bərbər: “Diqqət etdiyimiz nüanslardan biri də müştərinin üz, saç qurluşuna da fikir veririk, ona daha çox hansı yaraşır, onu edək. Yəni, üz quruluşu oval yaxud da kvadrat olan müştərilərə onları başa salaraq, yaraşanı etməyə çalışaq”.

Düzgün peşə seçimi edərkən məsləhət almaq olar, lakin çalışmalıyıq ki, kimsə bizim yerimizə bu seçimləri etməsin. Unutmayaq ki, yalnız düzgün peşə seçimi etmiş gənc vətəndaş  Vətən təəssübkeşliyinin əsl daşıyıcısı ola bilər! Əks halda istədiklərimizi və istedadımızı özümüz də bilməyərəkdən daş altında gizlətmiş olarıq.

Rəsul Xudiyev- bərbər: “Gənclərə tövsiyəm odur ki, kimin hansı peşəyə həvəsi və istəyi varsa onun arxasınca getsinlər. Öz bilik, bacarıqlarına uyğun işdə çalışsınlar. Həmçinin, sahib olduqları sahədə məsuliyyətli olsunlar və öz bildiklərini başqalarına ötürməkdən çəkinməsinlər”.

Lalə Bağırova

 

ƏTRAFLI...