• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 27.11.2023 19:42

Qanunsuz saxlanılan silah-sursat təhvil verilir

KepezTV Player

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın təhvil verilməsi istiqamətində vətəndaşlarla profilaktik tədbirlər davam etdirilir. Bunun nəticəsidir ki, polisin aşkarladığı və vətəndaşların könüllü olaraq verdiyi müxtəlif növ atıcı vasitələr müsadirə olunub. Silahlar könüllü təhvil verilərkən şəxslər məsuliyyətə cəlb olunmur və anonimlik qorunur. Odur ki, vətəndaşların cinayət məsuliyyətinə cəlb olunmadan əllərindəki silahları təhvil vermələri məsləhət görülür. 

Fuad İsgəndərov- hüquqşünas: “Odlu silah saxlanılması, hazırlanması, gəzdirilməsi cinayət məcəlləsinin 228-ci maddəsinin tərkibini yaradır. Odlu və ya soyuq silah, sursat, hətta 1-2 güllə də həmin maddənin tərkibini yaradır. Ağırı 3 il azadlıqdan məhrumetmə barədə cəzadır. Mən praktikamdan deyə bilərəm ki, silahla bağlı işlərdə əsasən 1 və ya 1 il yarım azadlıqdan məhrum etməylə bağlı cəza tətbiq edirlər”.

Son dövrlərdə qərb bölgəsinə daxil olan şəhər və rayonların sakinləri də saxladıqları  kifayət qədər silah-sursatı polisə təhvil veriblər. Araşdırmalar göstərir ki, müsadirə edilən silahların əksəriyyəti vətəndaşlara yaxınlarından miras qalıb.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Bu silahları biz təhlil etdikdə daha çox valideynlərindən və yaxın qohumlarından qalma yivsiz və ya yivli ov tüfəngləri olması müəyyən olunur və hər bir vətəndaşdan silah götürülərkən onlarla bir daha profilaktiki söhbət aparılır. Mən bir daha vətəndaşlarımızdan xahiş edirəm ki, özlərində və ya yaxın qohumlarında hər hansı müvafiq sənədləri olmayan ov silahlarını, eləcə də digər odlu silahları könüllü şəkildə polis əməkdaşlarına təhvil versinlər”.

Son bir ay ərzində qərb regionunda 100-dən çox müxtəlif növ silah-sursat könüllü şəkildə hüquq mühafizə orqanlarına təhvil verilib. Polis baş verə biləcək cinayətlərin qarşısının alınması üçün silahların təhvil verilməsinə çağırır. 

Orxan Cəfərzadə