“Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq Gəncədə təlim otağının açılışı olub. Koreya ilə birgə həyata keçirilən yerli statistika orqanlarının potensialının gücləndirilməsi layihəsi çərçivəsində yaradılan otaq yerli statistiklərin peşəkarlığının artırılmasına hesablanıb. Tədbirdə Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəsmi şəxsləri iştirak edib. Açılış mərasimində çıxış edənlər koreyalı mütəxəssislərin iştirakı ilə yaradılan və ən müasir informasiya texnologiyaları və avadanlıqlarla təchiz edilən təlim otağının üstünlüklərindən danışıblar. Burada həm canlı, həm də onlayn formatda təşkil olunacaq tədbirlər üçün lazımi şəraitin mövcud olduğu bildirilib. Sözügedən layihənin məqsədi Dövlət Statistika Komitəsinin yerli statistika orqanlarının işçilərinin bilik və bacarıqlarının artırılmasına hesablanıb. Eləcə də statistiklərin potensialının gücləndirilməsi, statistikanın istehsalı prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin öyrənilməsi, son yeniliklərin və təcrübələrin bölüşülməsi yeni otağın üstünlüklərindəndir.
Orxan Cəfərzadə
- Baxış: 211